"Lütvəli Babayevin dövründə bu cür hadisələr, üsyan-müsyan olmayıb"
Zərdab rayonunda Çallı kəndinin bir qrup sakini örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz ediblər.
BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə yerinə gələn Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb və bu məsələdə sələfi Lütvəli Babayevi günahkar bilib:
"Siz deyirsiniz ki, sözügedən torpaqlarla bağlı müvafiq dövlət qurumlarına şikayət ünvanlamısınız. Amma Lütvəli Babayevin dövründə bu cür hadisələr, üsyan-müsyan olmayıb. Bu düz çıxmır! Lütvəli Babayev öz dövründə bütün "bu işləri" görüb, gedib, qalıb o yanda... Mən iki ay yarımdır gəlmişəm (icra başçısı), böyrümdə inqilab edirsiniz".
M.Camalov problemi araşdırmaq üçün gələn həftədən komissiya yaradılacağını, qanunsuz zəbt olunan torpaqların sakinlərin istifadəsinə veriləcəyini qeyd edib:
"Sizin iddia etdiyiniz örüş torpaqlarından xəbərim yoxdur. Əgər bir-birimizə güvəniriksə, biz qanunu qorumalıyıq. Bəziləri torpağı 30-40 ilə icarəyə verib. Bu, tam cinayətdir. Torpaq 10-15 ildən artıq icarəyə verilə bilməz".