Nuru Paşa qərargah kimi Kərbəlayi Qasımın evini seçib
Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuru Paşa və Qafqaz İslam Ordusunun əvəzsiz xidmətləri olub.
BakuCity.az Azvision.az-a istinadən xəbər verir ki, 1918-ci ilin yay aylarında Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakıya daxil olanda ordu Qobu kəndində qərargah qurub. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa özünə qərargah kimi kənd sakini Kərbəlayi Qasımın evini seçib. Buna səbəb həmin evin kəndin ən yüksək hissəsində yerləşməsi olub.
"Buradan Xəzər dənizini izləmək mümkün idi. O zaman ingilislərə məxsus gəmilər Xəzərin sahillərində lövbər salmışdılar. Qafqaz İslam Ordusu qərargahdan bütun bu prosesləri diqqətlə izləyirdi. Nuru Paşa buranı qərargah kimi istifadə edib. Ordu indiki "Qurd qapısı" adlanan yerdən Bakıya daxil olub. Nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı bolşeviklərdən azad edilib", - deyə Qobu sakini Məmmədağa Orucəliyev bildirib.