Tutulan icra başçısı eşşək südü biznesinə də girişibmiş - OBYEKTLƏRİ + VİDEO

Tutulan icra başçısı eşşək südü biznesinə də girişibmiş - OBYEKTLƏRİ + VİDEO

Dubayda və Türkiyədə də biznes qurub

Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat görüntülərini yayıb.

BakuCity.az Yeniavaz.az-a istinadən məlumat verir ki, icra başçısı büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə doldurmaq kimi əməllərə yanaşı, rayonu da özünün, belə demək mümkünsə, feodal mülkünə çevirib.

Həmçinin oxu: Tutulan icra başçısı azğınlaşmışdı, qaniçən idi, silah gəzdirirdi - İDDİA

İ.Vəliyevin Neftçalanın Qoltuq qəsəbəsindəki heyvandarlıq təsərrüfatı (orada həm də cins keçilər saxlanılır), Neftçala şəhərindəki böyük bazarı, beton zavodu barədə də əməliyyat çəkilişində bəhs edilir.

Tutulan icra başçısı eşşək südü biznesinə də girişibmiş - OBYEKTLƏRİ + VİDEO, fotoşəkil-1

Lakin İ.Vəliyevin korrupsiya və talançılıq yolu ilə topladığı sərvət təkcə bunlarla yekunlaşmır. Yerli KİV-lər yazır ki, onun rayon mərkəzində “Yurdum” adlı restoranı və hoteli də fəaliyyət göstərir.

Habelə İ.Vəliyevin aktivlərinə Neftçalada özəl uşaq bağçası, böyük əraziyə malik tədarük məntəqəsi, keçmiş yol idarəsinin hektarlarla ərazisi (özəlləşdirilib), min hektarlarla münbit əkin sahələri, “Xol yolu” deyilən ərazidə eşşək ferması daxildir. Həmin fermada 200-dən çox cins eşşək saxlanılır, onların südü dərman vasitəsi kimi satılır.

Tutulan icra başçısı eşşək südü biznesinə də girişibmiş - OBYEKTLƏRİ + VİDEO, fotoşəkil-2

İcra başçısı Qaramanlı kəndində sovet dövründən qalan avtomobil zavodunun ərazisini də özəlləşdirib, rayonda qanunsuz balıq ovu biznesi də onun nəzarətində olub. Balıq ovlamaq üçün çoxsaylı motorlu qayıqlar və digər avadanıqlar saxlayıb, o cümlədən çoxsaylı ağır texnikası, yük maşınları, traktorları da olub.

2011-ci ildən rayona rəhbərlik edən İ.Vəliyevin biznesi təkcə Neftçala ilə yekunlaşmayıb. Onun Dubayda müasir kərpic zavodu açdığı, habelə Türkiyədə tikinti biznesinin olduğu deyilir. Bu biznesi İ.Vəliyevin böyük oğlu idarə edir. Ümumiyyətlə, İ.Vəliyevin ölkə xaricində çoxsaylı aktivlərinin olduğu bildirilir.

BakuCity.az

Neftçala icra başçısı əməliyyat DTX
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər