Azərbaycana koronavirus zərbəsi: Novruzda turist axını azala bilər

Azərbaycana koronavirus zərbəsi: Novruzda turist axını azala bilər

Səfirlik Azərbaycana viza verilməsini dayandırıb

İrandan Azərbaycana gəlmək üçün turpaket alan iranlı turistlərin bir qismi səyahət biletlərini ləğv etmək məqsədilə hotellərə müraciət ediblər.

BakuCity.az xəbər verir ki, bu barədə İranın "Ulduz" Turizm Şirkətinin rəhbəri Həmid Cahadi "Sputnik Azərbaycan"a bildirib.

O deyib ki, turpaket alan iranlı turistlərdən 8-9 ailə hotellərə zəng edərək bronları ləğv etmək istədiklərini bildiriblər:

"Onların çoxu 4 ulduzlu hotellərdə yer bron edən iranlı turistlərdir. Amma hələ ki biz sərhədlər bağlanmayanadək sifarişlərin ləğvi ilə bağlı tələbləri icra etmirik. Çünki bu, turistlərin özlərinə zərər vurur. Əgər səyahət bileti turist tərəfindən tam əsas olmadan ləğv edilirsə, bunun cəriməsini turist özü ödəyir".

Həmçinin oxu: Bakıda koronavirus həyəcanı: Apteklərdə qiymət artımı və qıtlıq - VİDEO

H.Cahadi qeyd edib ki, koronavirus yayılmazdan öncə İrandan bu Novruz bayramında Azərbaycana 50 min turistin gələcəyi proqnozlaşdırılmışdı:

"Təkcə bizim şirkət 2-3 min arası turist cəlb etməyi nəzərdə tuturdu. Bu günə kimi bizdən 1000-ə yaxın turist səyahət bileti alıb. Onların bir qismi konsertlər, digər qismi isə Novruz şənliklərində iştirak etmək istəyindədir. Novruz bayramı Azərbaycanda daha maraqlı keçdiyi üçün iranlı turistlər bayramı burada qeyd etmək arzusundadırlar.

Amma Azərbaycanın Tehrandakı səfirliyi Azərbaycana vizaların verilməsini müvəqqəti olaraq dayandırıb. İranlı turistlərin əksəriyyəti Azərbaycana viza almaq üçün onlayn şəkildə müraciət edirlər və bu məsələdə heç bir problem yoxdur. Biz özümüz də müvəqqəti olaraq İrandan turistlərin rezervasiyasını dayandırmışıq".

"Baku Life Travel"in rəhbəri Aqşin Hüseynov da bildirib ki, İranda koronavirus təhlükəsi ilə bağlı Azərbaycana səyahət bileti alanlardan bir neçə ailə biletin ləğvi üçün müraciət edib:

"Bizdən turpaket alan iranlı turistlərin sayı 30-35 ailədir. Əslində biz bu Novruzda İrandan daha çox turistin gələcəyini proqnozlaşdırırdıq. Amma İrandakı Azərbaycan konsulluğu viza verməyi dayandırıb. Ancaq turistlər "Asan viza"ya müraciət edə bilərlər. Əgər İranla sərhədlər bağlanmasa, güman edirik ki, Novruz bayramında Azərbaycana xeyli sayda iranlı turist gələcək. Çünki rezervasiya etmək üçün müraciət edənlərin sayı çoxdur".

BakuCity.az

koronavirus Novruz bayramı turist axını iranlılar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər