Bakıda 4 iranlı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Bakıda 4 iranlı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Gənclər Bakıya bir neçə gün əvvəl gəliblər

Bakıda koronavirus şübhəsi ilə daha 4 nəfər xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin BakuCity.az-a daxil olan birgə məlumatında deyilir ki, Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün daha 4 nəfər yerləşdirilib.

Həkim müşahidəsinə götürülənlər İran İslam Respublikası vətəndaşlarıdır. 19-21 yaş arası olan gənclər Bakıya bir neçə gün əvvəl gəliblər. Bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər.

Hazırda Yoluxucu xəstəliklər şöbəsində 6 nəfər var. Onlardan biri Azərbaycan, digərləri isə İran İslam Respublikası vətəndaşlarıdır. Həkim müşahidəsinə götürülənlərdən 3-nün vəziyyəti normaldır, səhhətlərində hər hansı problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var. Həkim müşahidələri davam edir.

Qeyd edək ki, yuxarıda qeyd edilənlər İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla ünsiyyətdə olmayıblar.

Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələr vasitəsilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

BakuCity.az

Bakı koronavirus İran vətəndaşları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər