Bakıda işıqlar söndü, işıqforlar işləmir

Bakıda işıqlar söndü, işıqforlar işləmir

Problem aradan qaldırılır

Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.

"Azərişıq” ASC-dən BakuCity.az-a verilən məlumata görə, fasiləyə səbəb yarımstansiyalardan birində yaranan nasazlıqdır.

Hazırda problemin aradan qaldırılması istiqamətində iş görülür.

Məlumata görə, paytaxtın bəzi yerlərində, əsasən Nizami və Xətai rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb.

Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, elektirik enerjisinin kəsintisi ilə əlaqədar Bakı Metropoliteninin “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Koroğlu” stansiyalarının ətrafında yarana biləcək sərnişin sıxlığının vaxtında aradan qaldırılması məqsədilə operativ tədbirlər həyata keçirilir. Belə ki, hazırda qeyd edilən metro stansiyaların ətrafına müntəzəm marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilir.

Həmçinin elektirik enerjisinin kəsintisi ilə əlaqədar hazırda paytaxtın Nizami və Xətai rayonları ərazisindəki 20-ə yaxın kəsişmədə işıqforların fəaliyyəti dayanıb. İşıqforların işinin bərpası ilə bağlı hazırda müvafiq qurumlarla birgə operativ tədbirlər həyata keçirilir. Eyni zamanda, işıqforların işləmədiyi kəsişmələr barədə aidiyyəti üzrə məlumat verilib və həmin kəsişmələrdə hərəkət Dövlət Yol Polisi əməkdaşları tərəfindən tənzimlənir.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

BakuCity.az

Bakı işıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər