Bakı məktəbliləri arasında mahnı müsabiqəsinə start verilib

Bakı məktəbliləri arasında mahnı müsabiqəsinə start verilib

Müsabiqə iki mərhələdən ibarət olacaq

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, müsabiqənin təşkil olunmasının əsas məqsədi şagirdlər arasında ifa mədəniyyətini yüksəltmək, xüsusi istedada malik məktəbliləri aşkar etmək, onları ictimaiyyətə tanıtmaq, mənəvi sərvətimiz olan uşaq mahnılarının şagirdlər tərəfindən dinlənilməsi və öyrənilməsinə dəstək vermək, bu istiqamətdə aparılan işləri daha da inkişaf etdirmək, xor kollektivlərinin fəaliyyətinə stimul verməkdən ibarətdir.

İki mərhələdən (məktəb və şəhər) ibarət müsabiqədə I-VIII sinif şagirdləri solo və xor ifa kateqoriyaları üzrə iştirak edirlər.

Müsabiqənin məktəbdaxili mərhələsində solo ifa kateqoriyası üzrə iştirakçıların səs yazıları məktəbin Münsiflər heyətinə təqdim edilir. I mərhələnin sonunda hər məktəb üzrə 1 nəfər qalib müəyyən ediləcək. Xor ifas kateqoriyası üzrə isə 25 nəfərdən çox olmayan kollektiv qalib seçiləcək.

Müsabiqənin Bakı şəhər mərhələsində Münsiflər heyətinə təqdim olunan səs yazıları dinləniləcək, ən yaxşı ifa qabiliyyətinə malik qalib şagirdlər və xor kollektivləri  müəyyənləşdiriləcək.

“Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinin nəticələrinə əsasən, solo ifa kateqoriyası üzrə 3 şagird (1 şagird - I yer, 1 şagird - II yer, 1 şagird - III yer) Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Xor kollektivlərinin ifası kateqoriyası üzrə isə 3 məktəbin xor kollektivinə (1 xor kollektivi - I yer, 1 xor kollektivi - II yer, 1 xor kollektivi - III yer) BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. Həmçinin müsabiqədə fərqlənən 15 iştirakçı Tərifnamə ilə təltif ediləcək.

BakuCity.az

Bakı məktəblilər mahnı müsabiqəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər