30 yaşlı yeni icra başçısı kimdir?

30 yaşlı yeni icra başçısı kimdir?

2014-cü ildən “İRƏLİ” İctimai Birliyinin sədridir

Prezident İlham Əliyev Mirhəsən Mirheydər oğlu Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

BakuCity.az xəbər verir ki, Mirhəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildən 287 saylı “Zəkalar” liseyində təhsil almağa başlayıb. 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. 2010-2011-ci illər ərzində hərbi xidmətini başa vurub. Təhsilini davam etdirən M.Seyidov 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib.

İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (ARGTMŞ) başlayıb, sentyabrdan etibarən isə gənclər üçün resurs mərkəzlərində könüllü olaraq fəaliyyət göstərib. 2006-cı il yanvar ayından etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında Regionlarla iş üzrə departament sədri vəzifəsini daşıyıb və region layihələrinin idarə olunması, yerli gənclər və idman idarələri ilə iş, yerli təhsil idarələri - universitet və məktəblərdə layihələrin keçirilməsi, region hesabatların hazırlanması kimi işləri həyata keçirib. 2007-ci il iyul ayından eyni təşkilatda Layihələrlə iş üzrə departament sədri kimi fəaliyyət göstərib.

2009-cu il may ayından Dünya Türk Gəncləri Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilib. Dekabr ayından etibarən isə ARGTMŞ-də baş katib müavini olaraq ictimai fəaliyyətinə davam edib. 2012-ci ilin fevral ayından başlayaraq “Avroviziya” Mahnı Müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubuna rəhbərlik edib. 2012-ci ilin mayında Azərbaycanda Avropa Hərəkatında İdarə Heyətinin üzvü olub, 2012-ci ilun iyulunda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini vəzifəsində çalışıb.

2014-cü il 27 iyun tarixindən etibarən isə “İRƏLİ” İctimai Birliyinin sədri seçilib. 2015-ci il 29 may tarixində Azərbaycan Respublikasının Milli Məclisinin "İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən İctimai TV-nin (Azərbaycan) 6 il müddətinə Yayım Şurasının üzvü seçilib.

2017-ci il 4 mart tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. 2017-ci il 21 sentyabr tarixindən Azərbaycan Təhsil Nazirliyinin Müşahidə Şurasının üzvüdür. 2018-ci il yanvarın 8-dən Azərbaycan Milli Karate Federasiyasının baş katibi vəzifəsinə, 2019-cu ilin 13 oktyabr tarixindən isə Türk Şurası Gənclər Platformasının prezidenti vəzifəsinə təyin olunub.

BakuCity.az

Mirhəsən Seyidov icra başçısı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər