İlham Əliyev: Mal-qara ilə təmin olunan vətəndaşların bəziləri o mal-qaranı aparıb bazarda satır

İlham Əliyev: Mal-qara ilə təmin olunan vətəndaşların bəziləri o mal-qaranı aparıb bazarda satır

"Bu vətəndaşlara ikinci dəfə heç bir dəstək göstərilməməlidir"

Mal-qara ilə təmin olunan vətəndaşların bəziləri o mal-qaranı aparıb bazarda satır.

BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib.

Dövlət başçısı özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi barədə göstəriş verdiyini xatırladıb:

"Eyni zamanda, biz Dünya Bankını bu məsələyə cəlb etdik. Mənim Dünya Bankının icraçı direktoru ilə Davosda keçirdiyim görüşdə bu məsələ müzakirə olundu. Dünya Bankı bizə həm maliyyə dəstəyi göstərəcəkdir, eyni zamanda, məsləhət xidmətlərini təmin edəcəkdir.

Siz mənə məruzə etmişdiniz ki, tələbat kifayət qədər böyükdür. Təqribən 50 minə yaxın müraciət olubdur. Mən göstəriş vermişdim ki, bu il ən azı 10 min insan bu proqramla əhatə olunsun. Proqramla əhatə olunma istiqamətində, əlbəttə ki, nazirlik tərəfindən meyarlar işlənilib, təmin edilib, vətəndaşlar treninqlərdən keçiblər. Ancaq əsas məsələ ondadır ki, vətəndaşları bu işə cəlb edəndən sonra özünüməşğulluqla bağlı monitorinq keçirilsin. Çünki dünya praktikasında özünüməşğulluq proqramı ilə əhatə olunan cəmi vətəndaşların təqribən 50 faizi bu imkandan səmərəli şəkildə istifadə edə bilir. Məsələn, elə hallar var ki, rayon və kənd yerlərində mal-qara ilə təmin olunan vətəndaşların bəziləri o mal-qaranı aparıb bazarda satır və beləliklə məsuliyyətsizlik göstərirlər. Halbuki bu işdə əsas məqsəd ondan ibarətdir ki, vətəndaşlar verilən vasitələrlə öz dolanışıqlarını sonra özləri təmin etsinlər. Əgər vətəndaşlar dövlət tərəfindən verilən vəsaitə belə yanaşacaqlarsa, bu, dözülməzdir".

İlham Əliyev vurğulayıb ki, bu vətəndaşlara ikinci dəfə heç bir dəstək göstərilməməlidir, o cümlədən onlar ünvanlı sosial yardımdan da məhrum edilməlidir:

"Ona görə ki, dövlət öz xoş niyyətini göstərir. Ancaq vətəndaşlar da buna məsuliyyətlə yanaşmalıdırlar. Özünüməşğulluq proqramı ilə əhatə olunmaq istəyənlərin sayı kifayət qədər çoxdur və kriteriyalar əsasında onların arasında seçim edilir. Əgər bu proqrama düşən vətəndaşlar özlərini belə aparacaqlarsa, əlbəttə ki, çox ciddi tədbirlər görülməlidir".

BakuCity.az

İlham Əliyev Sahil Babayev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər