Gənclərdə isə xəstəliyin kliniki əlamətləri tam görülməsə də, onlar epidemioloji baxımdan ətrafdakılar üçün təhlükə yaradırlar
Koronavirus pandemiyası sərhədlərini hər gün genişləndirir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 266 min nəfərdən, ölənlərin sayı isə 11 min nəfərdən çoxdur. Gözlər virusun müalicəsi üçün tətbiq olunacaq vaksinin hazırlanmasına dikilib. Virusu tamamilə yox edəcək vaksin hazırlanacaqmı? Mövcud göstəricilər gələcəyə dair hansı ümidləri verir?
BakuCity.az xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən, SSRİ-də ilk dəfə olaraq malyariya xəstəliyinə qarşı peyvənd və yeni dərman preparatlarını hazırlayan tibb elmləri doktoru, professor, Türkiyə Parazitoloqlar Cəmiyyətinin fəxri üzvü Adil Allahverdiyev “Report”un Türkiyə bürosunun suallarını cavablandırıb.
Həmçinin oxu: Azərbaycanda daha 9 nəfərdə koronavirus aşkarlandı
Alimin sözlərinə görə, virusun məhv edilməsi üçün dünyadakı elm adamları bir neçə istiqamətdə araşdırmalar aparırlar: “Dünya səhiyyəsi qarşısında duran əsas vəzifə xəstəliyə qarşı peyvəndin, ikinci əsas məsələ bəzi infeksion xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının COVID-19-a təsirinin öyrənilməsi və ya virusa qarşı yeni dərman preparatlarının hazırlanmasıdır.
Eyni zamanda genetik mühəndislik yolu insan hüceyrələrində özünə yer edən virus hüceyrələrini dəyişdirərək yenidən xəstə hüceyrəyə verilməsi metodu da diqqət mərkəzindədir. Bundan başqa hibridoma texnologiyası ilə də xəstəliyin müalicəsi üzərində işlənilir. Ancaq təəssüf ki, bu gün ciddi cəhdlə aparılan araşdırmalarla həmin metodlardan heç biri xəstəliklə mübarizədə uğurlu nəticə verməyib”.
A.Allahverdiyevin sözlərinə görə, son günlər dünyanın müxtəlif ölkələrində (Çin, ABŞ, Rusya, Yaponiya) COVID-19-a qarşı vaksinin hazırlandığına dair iddialar irəli sürülür. Lakin bu iddialar təsdiqini tapmayıb: “mRNA-1273” adlı peyvənd az sayda insan üzərində sınaqdan keçirilsə də, onun nəticə verməsi üçün azı 18 aya ehtiyac olduğu açıqlandı. Düşünürəm ki, tədqiqatçılar tərəfindən bu sahədə araşdırmalar aparılsa da, problemin həllindən danışmaq çox tezdir. Çünki indiyə qədər bir çox müxtəlif infeksiyalara və xəstəliklərə qarşı peyvənd işlənib hazırlansa da, nəticələr ürəkaçan olmayıb.