Marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırıla bilər

Marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırıla bilər

Bəzi sərnişinlər zərurət olmadan evdən çıxırlar

Xüsusi karantin rejimində müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayının 60-70 faiz azalmasına baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, həmçinin daşıyıcılara avtobuslararası intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı göstəriş verilib. Məqsəd, ilk növbədə, dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərdə, həmçinin digər vacib xidmət sahələrində çalışan vətəndaşlarımızın ictimai nəqliyyatla daşınmasını təmin etməkdir.

“Lakin təəssüflə qeyd edirik ki, bəzi sərnişinlər xüsusi karantin rejimi qaydalarına və tövsiyələrinə əməl etməyərək zərurət olmadan evdən çıxırlar. Nəticədə səhər və axşam saatlarında bəzi istiqamətlər üzrə avtobuslarda sərnişin sıxlığı müşahidə olunur. Bu isə qeyd olunduğu kimi, fəaliyyəti hər birimiz üçün vacib olan insanların sağlamlığına təhlükə yaradır və yoluxma riskini artır.

Mövcud vəziyyət müntəzəm marşrut xətləri ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq edilməsini zəruri edir. Belə olacağı halda müntəzəm marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırılacaq və sərnişindaşımaları yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən ekspress xətt avtobusları vasitəsilə həyata keçiriləcək.

Bir daha vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı halda evlərini tərk etməsinlər həmçinin, onların sağlamlığı və rahatlığı üçün tətbiq edilən qayda və tövsiyələrə əməl etsinlər”, - deyə BNA-dan qeyd edilib.

BakuCity.az

Marşrut xətləri avtobuslar məhdudlaşdırma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər