İnsanların sıx toplaşdığı yerlərə getməyin
Xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, hələ də bəzi vətəndaşlar özünütəcrid tədbirlərinə adekvat davranmırlar.
Bakı Nəqliyyat Agentliyindən (BNA) BakuCity.az-a verilən məlumata görə, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar ərazidə insanlar müəyyən qrup halında toplaşır ki, bu da mövcud epidemik vəziyyətdə yoluxma riskini artırır.
Qeyd edilənləri nəzərə alaraq, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar skamyalar və digər oturacaq yerlərindən istifadəyə qadağa qoyulub:
Vətəndaşlardan xahiş olunur ki, xüsusi karantin rejimi davam etdiyi müddətdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yalnız müntəzəm marşrut xətləri üzrə avtobusların xidmətlərindən istifadə etsinlər. Həmçinin tövsiyə edilir ki, özünütəcrid tədbirlərinə uyğun davransınlar, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməkdən çəkinsinlər.