Kredit ödənişlərinə dəstək veriləcək, kommunal xidmətlərin limiti artırılacaq

Kredit ödənişlərinə dəstək veriləcək, kommunal xidmətlərin limiti artırılacaq

Sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək

Koronavirus infeksiyası ilə əlaqədar mövcud durumda dövlət kredit ödənişlərinə dəstək verəcək, kommunal xidmətlərin limiti artırılacaq.

BakuCity.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.

O qeyd edib ki, vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək verilməsi üzrə dövlət proqramları da işlənilib:

"Hazırda qlobal şokların təsiri altında kredit ödənişlərində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün dövlət tərəfindən dəstək verilməsi planlaşdırılır. Özü də təkcə ev təsərrüfatları deyil, bəzi sahibkarların da kredit ödənişlərində çətinliklər yaranması proqnozlaşdırılır. Hazırda 15,5 milyard manatlıq kredit portfelinin 7 milyard manatı ev təsərrüfatlarına, 6,1 milyard manatı isə özəl sektora verilib. Xüsusən də, pandemiyadan daha çox zərərçəkmiş sahələrə – ticarət və xidmət sektoruna 2,4 milyard manat və nəqliyyat və rabitə sektoruna 1,2 milyard manat kredit verilib. Dövlət mövcud kredit portfelinin dəstəklənməsi üzrə 1 milyard manat vəsait ayıracaq. Bu zaman da ziyan çəkən sahələr və kredit intizamı kimi kriteriyalar əsas götürüləcək. Sahibkarlığın İnkişafı Fondu kreditlərə 10 faiz dəstək verəcək ki, bu da kredit faizinin əhəmiyyətli hissəsini əhatə edir. Çünki Azərbaycanda orta kredit faizi 14 faiz, hüquqi şəxslər üzrə 8,8 faiz və fiziki şəxslər üzrə 16,6 faiz təşkil edir. Eyni zamanda yeni kreditlərə dəstək proqramı illik maksimum 15 faizlik kreditləri əhatə edəcək. Belə ki, bu kredit faizinin yarısını Sahibkarlığın İnkişafı Fondu ödəyəcək”.

İİTKM-in rəhbəri deyib ki, dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq və sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr - AZAL, Bakı Nəqliyyat Agentliyi, Bakı Metropoliteni, dəmir yolu və s. qurumlara da dəstək veriləcək:

“Bundan başqa, dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə İşçi qrupu da bu yaxınlarda müvafiq təkliflərini təqdim edəcək”.

BakuCity.az

Kredit ödənişləri kommunal xidmətlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər