Daha bir nazirliyin əməkdaşı həbs olundu - SON DƏQİQƏ

Daha bir nazirliyin əməkdaşı həbs olundu - SON DƏQİQƏ

Azərbaycanda daha bir nazirliyin əməkdaşı həbs edilib.

Əmək və Əhalinin  Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, araşdırma zamanı Ramiz Seyidəliyevin qulluq mövqeyindən istifadə edərək vətəndaşın pensiya məbləğinin artırılmasına kömək edəcəyi vədi ilə aldadaraq pensiya kartını qanunsuz olaraq götürməklə 2013-2018-ci illər ərzində həmin kartdan ümumilikdə 83 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Seyidəliyev Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə küllü miqdarda dələduzluq) və 29, 178.3.2-ci (dələduzluğa cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla zərərçəkmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Qeyd olunan qanunazidd hallarla üzləşən zərərçəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə zəng etmələri xahiş olunur.

BakuCity.az

Nazirlik Həbs olundu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər