Direktor: Bakıda açılacaq yeni zoparka giriş baha olacaq

Direktor: Bakıda açılacaq yeni zoparka giriş baha olacaq

Direktor Bakıdakı yeni zooparkın açılışından danışıb.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi bir çox sahələr kimi, Bakı zooparkının işinə də təsir edib.

Hazırda zooparkda ümumi vəziyyət necədir? İşə çıxan əməkdaşların sayına məhdudiyyət varmı? Yeni zoopark nə vaxt vətəndaşların ixtiyarına veriləcək?

BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Zooloji Parkının direktoru Azər Hüseynov açıqlama verib.

A.Hüseynov bildirib ki, artıq il yarımdan çoxdur, heyvanlar Qaradağda saxlanılır, hər birinin vəziyyəti normaldır:

"Hətta Afrika şiri, meymun, canavar və s. heyvanların balaları doğulub. Dəvəquşu, qırqovul da bala verib. Bizim zooparka vaxtilə Qarabağ atı hədiyyə edilib, indi onun da balası var. Fikrimiz var ki, yeni zooparkın açılışında bu atı nümayiş etdirək. Baxmayaraq ki, xüsusi karantin dövrünü yaşayırıq, nəticələrimiz yaxşıdır”.

Azər Hüseynov zooparkda çalışan işçilərin sayında məhdudiyyətlərin olduğunu da deyib:

“Gün ərzində maksimum 5-6 nəfər işçi zooparkda heyvanlara baxır. Məqsəd həm insanların, həm də heyvanların sağlamlığını təmin etməkdir. İndiyə qədər heç bir heyvanın sağlamlığında problem olmayıb, ancaq yeni zooparkın nə vaxt açılacağı ilə bağlı konkret məlumat verə bilməyəcəyəm. Hesab edirəm ki, yaxın aylarda, yəni bu ilin sonlarında heyvanlar öz yeni evlərinə köçürüləcəklər”.

Direktor yeni zooparka giriş qiymətlərindən də danışıb:

“Yeni zooparkda biletlərin qiyməti hər kəsi maraqlandırır. Çünki əvvəlki zooparkda 10 yaşından yuxarı uşaqlar üçün 1 manat, böyüklər üçün isə 2 manat nəzərdə tutulurdu, amma yeni zooparkda qiymətlər nisbətən baha olacaq. Çünki yeni zooparkın saxlanılması üçün xərc üçqat artıq olacaq”.

A.Hüseynovun sözlərinə görə, bir çox ölkələrlə müqavilələr bağlanılıb, sərhədlər açılsa ölkəyə təzə heyvanlar gətiriləcək.

Qeyd edək ki, Bakı Zooloji Parkı 2019-cu il fevral ayının 2-dən etibarən təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar olaraq ziyarətçilərinin üzünə bağlanıb. (modern.az)

BakuCity.az

biznes xeberleri bakida
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər