Bakıda 8 milyon manatlıq narkotik belə ələ keçirildi - VİDEO

Bakıda 8 milyon manatlıq narkotik belə ələ keçirildi - VİDEO

Bakıda 8 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Respublikanın daxili işlər orqanları tərəfindən qara bazarda dəyəri 8 milyon manat olan 86 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

BakuCity.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 12-də keçirilən növbəti əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.

Baş İdarə əməkdaşlarının Qaradağ rayonu ərazisində keçirdikləri əməliyyat zamanı paytaxt sakini Adil Eyvazov və Cəlilabad rayon sakini Xəyal Quliyev tutulublar.

Adil Eyvazovun idarə etdiyi "Ravon” markalı avtomobilin yük yerindən bağlamalarda 86 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə, 61 kiloqrama yaxın heroin, 10 kiloqramdan çox tiryək və 15 kiloqram 299 qram metamfetamin aşkarlanıb.

Aşkar edilən narkotik vasitə və psixotrop maddələrin qara bazarda qiyməti təxminən 8 milyon manatdır.

Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər şəxsiyyəti istintaqa məlum olmayan "Milad” adlı qonşu dövlətlərdən birinin vətəndaşının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində gizlədilən yerdə qəbul ediblər.

Xəyal Quliyev və Adil Eyvazov narkotikləri Bakı şəhərində satışını təşkil etmək məqsədi ilə paytaxta gələn zaman Baş İdarə əməkdaşları tərəfindən tutulublar.

Xəyal Quliyev və Adil Eyvazov bir müddət əvvəl də həmin şəxsin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərdiyi 10 kiloqramdan artıq narkotik vasitəni qəbul etdiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Adil Eyvazov və Xəyal Quliyev tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BakuCity.az

Şərhlər