SMS icazə yenidən tətbiq edilir? - AÇIQLAMA

SMS icazə yenidən tətbiq edilir? - AÇIQLAMA

TƏBİB karantin rejiminin yenidən sərtləşdirilməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Bir neçə gündür sosial şəbəkələrdə, cəmiyyətdə karantin rejiminin sərtləşdiriləcəyi, SMS icazənin yenidən tətbiq ediləcəyi ilə bağlı fikirlər səsləndirilir.

Bəs, karantin rejiminin sərtləşdirilməsi indiki məqamda effektli olacaqmı?

BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən tibb eksperti Adil Qeybulla karantin rejimin sərtləşdirilməsinin mənasız olduğunu deyib:

“Karantin qaydalarını əvvəlki kimi sərtləşdirməyə, insanları evdə saxlamağa ehtiyac yoxdur. Bütün bunların əvəzinə nəzarəti artırmaq lazımdır. Bu haqda dəfələrlə demişəm, karantin nə qədər sərt olsa belə, insanlar ona əməl etməyəcəyi təqdirdə nəticəsi olmayacaq. Çünki bir çox insan bu günə qədər məsələnin mahiyyətini dərk etməyib.

Qubada müəllimlərin virusa yoluxma halı qeydə alınıb. Çox güman ki, həmin müəllimlər karantin qaydalarına əməl etməyiblər. Düşünün, müəllim hələ də virusun ciddiliyini dərk etməyib qaydalara əməl etmirsə, o, uşaqlara bunu necə başa salacaq? İlk növbədə bu məsələləri həll etmək lazımdır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev də karantin rejiminin yenidən sərtləşməsinə ehtiyac olmadığını bildirib:

“Vəziyyət nəzarət altındadır. Müşahidə etdiyimiz yoluxma sayı da yüksək deyil. Bu baxımdan hazırkı vəziyyətdə karantin rejiminin sərtləşdirmək tezdir. Biz yeni-yeni yumşaldılmalar edirik, insanlar hələ tam şəkildə yumşaldılmaya alışmayıblar. Təbii ki, yoluxma sayı kritik həddə çatarsa, yenidən sərt tədbirlər görmək olar”. (redaktor.az)

BakuCity.az

Şərhlər