Yoluxma halları qeydə alınan siniflər bağlanacaq.
“Orta məktəblərdə şagirdlərin virusa yoluxma statistikasının artması, təhsil müəssisələrində tədris prosesinin dayandırılacağı demək deyil. Hazırki dövrdə məktəblərin bağlanması təhsilə ciddi ziyan vura bilər”.
BakuCity.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov səsləndirib.
K. Əsədovun sözlərinə görə, məktəblərdə virusa yoluxma hallarının artması gözlənilən idi: “Bildiyiniz kimi, 90-a yaxın şagirddə virusa yoluxma halları müşahidə edilib. Aydın məsələdir ki, bu qədər kütlənin aktiv hərəkəti yoluxma sayını artıracaq. Şagirdlər arasında virusa yoluxma Bakı kəndlərində, kütləvi yoluxma isə Qubada müşahidə edilib. Virusa yoluxanlar arasında 3 və 4-cü sinif şagirdləri üstünlük təşkil edir. Aparılan monitorinqlər nəticəsində məlum olub ki, bu məktəblərdə dezinfeksiya işləri və qoruyucu tədbirlər çox aşağı səviyyədədir. Yoluxma halları qeydə alınan siniflər 14 gün müddətinə bağlanacaq”.
Qeyd edək ki, bu il pandemiya ilə əlaqədar yeni tədris ilində yalnız ibtidai siniflərin təlim-tədrisinə icazə verilib. Hazırda məktəblərdə 640 min şagirdin tədris prosesi həyata keçirilir. (redaktor.az)
BakuCity.az