Covid-19

“Azərişıq”dan elektrik enerjisinin kəsilməsi elanları ilə bağlı AÇIQLAMA
“Azərişıq”dan elektrik enerjisinin kəsilməsi elanları ilə bağlı açıqlama verib

“Son günlər sosial şəbəkələrdə “Azərişıq” ASC-nin adından saxta elanlar paylaşılır. Bu elanlar “Azərişıq” ASC tərəfindən yayılmayıb”.

BakuCity.az xəbər veir ki, bunu Oxu.Az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev sosial şəbəkələrdə qurum adından abonentlərə ünvanlanan müraciətə münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, cəmiyyətdə çaşqınlıq yaradan bu elanlar həqiqəti əks etdirmir:

“Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - “Abonentlərin nəzərinə xəbərdarlıq” – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” məzmunlu elanlara rast gəlinib.

Ünvanı məlum olmayan bu elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur. Bu elanlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır”.
Azərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirildi
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yeni iş rejiminə keçib.

BakuCity.az xəbər ki, bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Hər iki hökumətin birgə razılığına əsasən, məntəqə saat 10:00-dan 12:00-dək fəaliyyət göstərəcək.

Səfirlikdən qeyd olunub ki, hər iki ölkə vətəndaşlarının vətənə qayıtması üçün xüsusi dəhliz fəaliyyət göstərir.

Qeyd edək ki, hazırda Azərbaycanla Gürcüstan arasında gediş-gəliş yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsilə mümkündür. Son günlər məntəqə saat 10:00-dan 18:00-dək fəaliyyət göstərib.

Ölkələr arasında yük daşımalarına heç bir məhdudiyyət tətbiq olunmur. Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq.

BakuCity.az
Azərbaycanda karantində 2 914 nəfər var - RƏSMİ
Azərbaycanda karantində 2 914 nəfər var

Azərbaycanda koronavirua infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2 914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

BakuCity.az
Azərbaycanla İran arasında sərhədin bağlanması müddəti uzadıldı
Azərbaycanla İran arasında sərhədin bağlanması müddəti uzadılıb

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində İran ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar qəbul olunub.

BakuCity.az
Koronavirusdan ən çox mənfi təsirə məruz qalan SAHƏLƏR
Koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib
Koronavirus (COVID-19) pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi, yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış İşçi Qrupun iclası keçirilib. İclas videokonfrans formatında aparılıb.

BakuCity.az xəbər verir ki, işçi qrupun rəhbəri,İqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyanın qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçiriləntəxirəsalınmaz tədbirlər barədə məlumat verib. Nazir qeyd edib ki, yaranmış şəraitdə milli iqtisadiyyata bır sıra faktorlar təsir edir. Bu, pandemiyanın bilavasitə təsiri altında dünya iqtisadiyyatında və xarici ticarət əlaqələrindəmüşahidə olunan durğunluq, dünya enerji bazarlarında neftin qiymətlərində kəskin dalğalanmalar, həmçinin pandemiyanınyayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırıcı tədbirlərlə bağlı iqtisadi fəallığın azalmasıdır. Bütün bu amillər bir sıra iqtisadi fəaliyyət sahələrində özünü daha qabarıq göstərir.

Nazir mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üçün qısa müddət ərzində İşçi Qrupun intensiv və böyük həcmdə iş aparmalı olduğunu diqqətə çatdırıb. İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalanturizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib.

İqtisadiyyat naziri vurğulayıb ki, dövlət çevik və operativ qərarlar qəbul etməyə hazırdır. Bununla belə, zərər çəkən fəaliyyət sahələrinin dəqiq müəyyən edilməsi üçün, ilk növbədə, aydın və şəffaf qiymətləndirmə meyarları hazırlanmalıdır. Bu meyarlar həm sahəvi, həm də subyektlər üzrə ümumi və spesifik xarakter daşıya bilər.
Videokonfransdaayrı-ayrı sahələrdə yaranmış vəziyyətmüzakirə edilib, müxtəlif təkliflər səsləndirilib. Qeyd olunub ki, dəymiş zərərin qiymətləndirilməsiüçün sahibkarlıq subyektlərinin hesabatları və dövlət qurumlarında olan göstəricilərin dərin təhlilinə zərurət vardır. Bu, həmçinin mart ayı üzrə təqdim ediləcək maliyyə hesabatlarının təhlili ilə müəyyən ediləcək. Hazırda İqtisadiyyat Nazirliyinin bütün strukturları biznes subyektləri, orta və iri biznes, sahibkarların ictimai birlikləri və ixtisaslaşmış assosiasiyalarla görüşlər keçirir.

Müzakirələrdə bildirilib ki, Azərbaycan hökuməti dəstək tədbirlərinin müəyyən edilməsi zamanı,həmçinin yaranmış şəraitdə dövlətin çağırışlarına adekvat cavab verən, iş yerlərinin və əmək haqqı fondunun azalmasına yol verməyən, fəaliyyətini şəffaf quran və sosial məsuliyyət nümayiş etdirən hüquqi şəxslərə və sahibkarlara üstünlük verəcək.
Ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərilməsi kompleks tədbirlər sistemini əhatə edəcək. Bu, iqtisadiyyatda likvidliyin təmin edilməsi, sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi, dövlət kreditləşdirmə resurslarının əlçatanlığının asanlaşdırılması, maliyyə bazarlarının sabitliyinin qorunması, ünvanlı dövlət sifarişləri sisteminin tətbiqi və s. kimi istiqamətləri əhatə edəcək.

İclasda qeyd olunub ki, dövlət ölkə vətəndaşlarının sağlamlığının qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddətdə iqtisadiyyatın daralmasına səbəb ola biləcək iqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gedəcək. Dövlət bu prosesi qarşılamağa hazırdır və yaranmış şəraiti, həmçinin, pandemiyanın yayılmasının qarşısının alınmasından sonra iqtisadiyyatın yeni bir inkişaf xətti olaraq görməkdədir. Daxili tələbatı ödəyən və xarici idxalı əvəzləyən istehsal və emal sahələrinin, bu istiqamətlərdə yeni istehsalın qurulması təşviq ediləcək.
İşçi Qrupun üzvlərinə zərər çəkən sahələrin müəyyən edilməsi üçün 3 gün ərzində zəruri meyarlara və tətbiq ediləcək vahid yanaşma metodikasına dair təkliflərin hazırlanması tapşırılıb.

Qeyd edək ki, İşçi Qrupun üzvləri sırasına Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Mədəniyyət, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər nazirlərinin müavinləri, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxslərivə sahibkarların ictimai birliklərininnümayəndələri daxildir.

BakuCity.az
Bakı parklarında dezinfeksiya işləri aparılır - FOTO / VİDEO
Paytaxtın bütün park və küçələri dezinfeksiya edilir

BakuCity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun göstərişinə əsasən koronavirusla əlaqədar şəhər parklarında dezinfeksiya işləri həyata keçirilir.

Qeyd edək ki, hazırda dünyada COVİD-19 infeksiyasına yoluxanların sayı 423,121 nəfərdir. Azərbaycanda koronavirus virusuna yoluxmuş 76 nəfər xüsusi müalicə müəssisələrində həkimlərin nəzarəti altındadır və onların müalicəsi üçün müvafiq tədbirlər davam etdirilir.
Niyə koronavirusa daha çox kişilər yoluxur?
Koronavirus kimlər üçün təhlükəlidir?

Kişilər, qadınlar və uşaqlar COVID-19-a eyni tezliklə yoluxurlar, ancaq yoluxmanın nəticələri fərqli olur, çünki burada başlıca rolu yaş, cins və daha öncəki xəstəliklər oynayır.

BakuCity.az“Report”a istinadən xəbər verir ki, bu barədə məqaləni “Deutsche Well” dərc edib.

Koronavirusla bağlı iki xəbər var: yaxşı və pis. Pis xəbər ondan ibarətdir ki, koronavirusun yayılması yaxın aylarda daha sürətlənəcək və nəticədə əhalinin 2/3 hissəsi bu virusa yoluxacaq. Buna əmin olan Berlinin “Şarite” klinikasının aparıcı virusoloqu Kristian Drostendir. Onun fikrincə, istilərin başlaması və klassik soyuqdəymə ilə qrip mövsümünün başa çatması COVID-19 ətrafındakı vəziyyəti dəyişməyəcək.

Yaxşı xəbər isə ondan ibarətdir ki, yoluxanların çoxunda xəstəliyin simptomları yüngül keçəcək. Beləliklə, payızda, yəni soyuqdəymə xəstəliklərinin növbəti dalğasında əhalinin əksəriyyətində koronavirusa qarşı antikor (başqa sözlərlə, sonradan qazanılmış immunitet) əmələ gələcək.

Risk qrupuna yaşlı insanlar daxildir

Koronavirusun yayılması, ilk növbədə, yaşlı insanlar üçün təhlükəlidir. Belə ki, 65 yaşdan başlayaraq koronavirusa yoluxmuş insanlar arasında ölüm səviyyəsi həndəsəsi silsilə ilə artır. Misal üçün, Çində yaşı 40-dək olan insanlarda yoluxma faizi 0,2%-dir, ancaq 70-79 yaş aralığındakı insanlarda bu göstərici 8%-ə yüksəlir, 80 yaşdan başlayaraq isə - 14,8%.

Beləliklə, koronavirus pandemiyası dövründə yaşlı insanlar, xüsusilə xronik xəstəliyi olan ahıllar qorunmalıdırlar. Bu risk qrupuna daxil olanlar insanların sıx olduğu yerlərdən uzaq durmalıdırlar.

Karantin altında olan yaşlılara nəvələri ilə zaman keçirmələrinə imkan verilməməlidir. Bundan başqa, onların mağazalara getmələrnə də əngəl olmaq vacibdir. Yaşlıların yaxınları ərzağı və digər məhsulları birbaşa onların evinə çatdırmalıdırlar.

Koronavirus qurbanlarının, demək olar ki, hamısında daha öncə müəyyən xəstəliklər olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlilinə görə, ürək və damar patologiyası, şəkərli diabet, ağciyərlərin xronik xəstəliyi, hipertoniya və onkoloji xəstəliklərə məruz qalmış insanlarda ölüm ehtimalı yüksəkdir.

Niyə kişilər qadınlardan daha tez-tez xəstələnirlər?

ÜST-nin məlumatına görə, koronavirus qurbanlarının arasında kişilər çoxluq təşkil edir: fevralında ortasında koronavirusdan ölüm göstəricisi kişilərdə 2,8%, qadınlarda isə 1,7% olub. Qeyd edək ki, analoji vəziyyət 2003-cü ildə Honkonqda atipik pnevmoniyanın partlayışında da müşahidə edilib. Kişilər adi qripə belə qadınlardan daha tez yoluxurlar.

Qadınlar immun sistemi kişilərinki ilə müqayisədə daha davamlıdır. Bu, əsasən, qadınlardakı estrogen hormonunun immun sistemini stimullaşdırması ilə izah edilir və bununla da immunitet xəstəlik törədən orqanizmlərlə daha tez və aqressiv mübarizə aparır. Kişi hormonu olan testosteron isə, əksinə, immun sistemini boğur.

Bundan başqa, molekulyar virusoloq Tomas Pitçmanın fikrincə, genetik faktorları da gözdən qaçırmaq olmaz. Məsələ bundadır ki, “bəzi immunorelevant, məsələn, patogenlərin tanınmasına cavabdeh olan genlər X xromosomunda kodlaşdırılırlar”. Nəzərə alsaq ki, qadınlarda 2, kişilərdə isə 1 X xromosomu mövcuddur, belə bir halda qadınların üstünlüyü var.

Ancaq genetik meyildən savayı, həlledici faktor həyat tərzidir. Kişilər qadınlardan daha çox zərərli yaşayış həyat tərzi sürürlər. Misal üçün, Çində kişilərin 52%-i siqaret çəkir. Siqaret çəkməyən qadınların payı isə 3%-i keçmir. Siqaret çəkməkdən zəifləmiş ağciyərlər respirator infeksiyalara daha həssasdırlar.

Niyə uşaqlar, demək olar ki, koronavirusa yoluxmurlar?

Təəccüblüdür ki, koronavirus pandemiyasında uşaqlar “zəif bənd” deyillər. Koronavirus qurbanlarının arasında hələlik bir uşaq belə yoxdur.

Sözsüz, uşaqlar da koronavirusa yoluxurlar, ancaq onlarda infeksiya ya simptomsuz, ya da çox yüngül formada keçir. Bunun səbəbi hələlik tam olaraq bəlli deyil. Həkimlər güman edir ki, buna səbəb uşaqlarda anadagəlmə “spesifik olmayan sistem”in işə salınması ola bilər. Körpələr ilk spesifik immunu ana südündən alırlar. Ana südü körpənin immunitetini infeksion patologiyalarla mübarizə aparan leykosit kimi antikorlarla təmin edir.

Bu “passiv immunlaşdırma” uşaqların öz immunitetini formalaşdıranacan, yəni 10 yaşadək davam edir. Ancaq bundan sonra belə onların müdafiə sistemi yeni patogenlərlə qarşılaşdıqda “öyrəşmək” qabiliyyətini itirmir.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 197 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 403 868-ə çatıb. Bunların 18 221 nəfəri ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BakuCity.az
Koronavirusun psixoloji gərginliyi ilə necə mübarizə aparaq? - PSİXOLOQ MƏSLƏHƏTİ
Koronavirus dünyada sürətlə yayılır. Dövlət qurumları insanları virusa yoluxmadan qorumaq və pandemiyanın qarşısını almaq üçün hər gün yeni qadağalar tətbiq edirlər. Bağçalar, məktəblər, universitetlər, ictimai iaşə yerləri, əyləncə, istirahət mərkəzləri bağlanır, kafe-restoranların fəaliyyəti məhdudlaşdırılır. Artıq bir sıra ölkələrdə çölə çıxmaq ya qadağan edilib, ya da məhdudlaşdırılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanları evdə qalmağa çağırır.

Bütün bunlar isə ciddi psixoloji gərginliyə səbəb olur. Bəs insanlar belə vəziyyətdə nə etməlidirlər? Uşaqlarla necə davranmalıdırlar, onların gündəlik proqramları necə olmalıdır?

“Report”un bütün bu məsələlərlə bağlı suallarını Peşəkar Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyeva cavablandırıb.

BakuCity.az həmin müsahibəni təqdim edir:

- Koronavirusa görə yaranmış psixoloji gərginliklə necə mübarizə aparmalıyıq?

- İlk növbədə ən yaxşı psixoloji mübarizə maarifləndirmədir. Düşünürəm ki, ölkəmizdə bununla bağlı kifayət qədər tədbirlər görülür. Aparılan qabaqlayıcı tədbirlər doğru və yerindədir. Hələ bir neçə nəfərdə virus ehtimalı olduqda bütün təhsil ocaqlarında dərslər dayandırıldı. Həmçinin son verilən qərarla şəhərə girişin məhdudlaşdırılması, restoran-kafe və digər ictimai yerlərdə xüsusi rejimin tətbiq edilməsi vacib addım idi. Bunlar həm də insanlara psixoloji baxımdan müsbət təsir göstərir. Çünki bu kimi virusların yayılmasının qarşısının alınması üçün lazımlı addım atılmış oldu. İnsanlar qismən də olsa rahat oldular ki, koronavirus Azərbaycanda kütləvi yayılmayacaq. İnanıram ki, ölkəmiz bu virusdan tezliklə qurtulacaq.

Amma qətiyyən arxayınlaşmaq və dövlət qurumlarının, müvafiq təşkilatların gördükləri işlərə ümid bəsləyib oturub gözləmək olmaz. Vətəndaş olaraq biz də həyata keçirilən tədbirlərə qoşulmalıyıq, öhdəmizə düşən vəzifələri yerinə yetirməliyik. Həmçinin mətbuatda maarifləndirici məlumatlar daha geniş yayımlanmalıdır. Bilməliyik ki, qorxmaqla və ya panikaya düşməklə heç nə əldə etməyəcəyik. Əksinə, immunitetimizi də zəiflətmiş olacağıq. Ona görə əhvalımızı yüksək tutmalı, bütün lazımi tədbirlərə - istər qidalanma, istərsə də gigiyena qaydalarına riayət etməliyik. İnsanlar bilməlidirlər ki, qabaqlayıcı tədbirlərə əməl etdikləri halda özlərini virusdan qorumuş olacaqlar.

- Bağçalar, məktəblər bağlanıb, uşaqlar evdədir, çölə çıxmaq isə təhlükəlidir. Belə bir vəziyyətdə valideynlər evdə uşaqlarla günlərini necə keçirməlidirlər?

- Mən bəzi qruplarda valideynlərlə virtual şəkildə ünsiyyət quraraq onların problemləri və çətinlikləri ilə tanış oluram. Hazırda bəzi valideynlər çaşqınlıq içində uşaqlarla davranış qaydalarını bilmirlər. Əvvəllər tətilləri rahatlıqla planlaşdıra bilirdilər. Onlar uşağlarla teatra, kinoya, müxtəlif əyləncə mərkəzlərinə gedirdilər. Amma indi bunların hamısı qadağan olunub. Buna görə valideynlər evdə nə edəcəklərini bilmirlər.

Əslində, sualın cavabı sadədir: Gündəlik rejim tətbiq etmək lazımdır. Uşaqların məktəb vaxtlarındakı kimi tezdən oyanmağı lazım deyil, amma həmişə vərdiş etdikləri zamandan da çox gec oyanmamalıdırlar.

Əslində, bu tətilin üstün tərəfləri də var. Uşaqların ailə ilə birlikdə vaxt keçirmələri üçün çox yaxşı fürsətdir. Ailələr birgə səhər yeməyi yeyə, uşaqlar öz oyunlarını valideynlərlə birgə oynaya bilərlər. Bu zaman valideyn uşaqla keyfiyyətli vaxt keçirə bilirsə, onlar arasındakı emosional bağlılıq daha da güclənəcək və bir-birlərini yaxından tanıya biləcəklər.

Daha sonra valideynlər uşaqların asudə vaxtını telefon və televizora baxmaq istisna olmaqla istədiyi şəkildə qura bilərlər. Düzdür, övladlarımızı cihazlardan tamamilə uzaqlaşdırmaq mümkün deyil. Amma məktəblilər üçün onlayn dərslər keçirilir ki, onlara baxa bilərlər.

Yeri gəlmişkən, deyim ki, bu, çox müsbət addımdır. Yaşı nəzərə alaraq məktəbəqədər uşaqlar 10 dəqiqədən yarım saata, ibtidai sinif şagirdləri 1 saat, yeniyetmələr isə fasilələrlə 2 saat televiziya və telefona baxmaqla vaxt keçirə bilərlər. Məktəblilər dərslərdən uzaq düşməsin deyə ailənin proqramına xüsusi "mütaliə saatı" əlavə edilməlidir. Bu zaman hər ailə üzvü ya kitab oxumalı, ya da elmi işlə məşğul olmalıdır. Belə olduqda məktəblilər etiraz edə bilmir. Çünki bu qayda ailənin bütün fərdlərinə aid olmuş olur.

- Ailələr gündəlik proqramlarını necə təyin və tətbiq etməlidirlər?

- Hər ailənin özünün proqramı var. Yəni ümumi bir siyahı yoxdur. Bu ailənin imkanlarından, rayonda və ya şəhərdə, həyət evində və ya binada yaşamasından, sosial-iqtisadi vəziyyətindən asılıdır. Hamısı fərqli olduğu üçün hər ailə marağına uyğun proqramlar tətbiq edəcək. Şərt deyil ki, onlar mütəxəssisdən yardım alsınlar. Mütəxəssis uşaqlarda davranış pozğunluğu olan zaman lazım olur. Həmçinin bütün yaş quruplarından olan insanlarda müəyyən narahatlıq, qorxu və təşviş olur. Bu zaman da onlayn formada yardım göstərilir. Psixoloji durumu yerində olmayan insanın immunitetinin yüksək olmasından söhbət gedə bilməz. Bu səbəbdən qorxu, təşviş minumuma endirilməlidir.

Ailələr bigrə filmlərə baxa, kitablar oxuya və intellektual verilişləri izləyə bilərlər. Ailə proqramlarına təcrübələri də əlavə etmək olar. Bütün uşaqlar bundan zövq alır.

Ailələr uşaqların yanında yaranmış gərgin vəziyyət barədə təfərrüatı ilə danışmamaları daha yaxşı olar. Amma uşaqların suallarını da cavabsız qoymasınlar. Uşaqlar sual verə bilər ki, niyə çölə çıxmırıq? Valideyn sadə dildə izah etməlidir ki, indi daha çox insan xəstələnib deyə tez-tez çölə çıxa bilmirik.

- Epidemiya, pandemiya zamanı əməl edilməli olan ən vacib psixoloji məqamlar hansılardır?

- Daha soyuqqanlı olmalı və panikadan uzaq durmalıyıq. Əmin olmalıyıq ki, lazımi tədbirlərə əməl edirik. Dünyada da belədir ki, insanlar kütləvi şəkildə marketlərə axın edirlər. Təmkinli olmaq lazımdır, rəsmi qurumların verdiyi məlumata görə, ölkədə kifayət qədər qida ehtiyatımız var. Marketlərdə də qıtlıq müşahidə olunmur. Panika vəziyyətində qərarlar vermək doğru deyil. Bir məqama diqqət çəkmək istərdim ki, bəzi insanlar etibarlı mənbələrə söykənməyən, yalan məlumatlar yayırlar. Çox adam da onu doğru xəbər kimi qəbul edir və inanırlar. Bunlar hamısı panika yaradır və insanları təşvişə salır. İnsanları rəsmi xəbərlərdən kənar yayılan informasiyalara inanmasınlar.

- Təbii ki, karantində saxlanılanların ailələri narahatdırlar. Bəzən də müəyyən problemlər müşahidə olunur. Həmin şəxslərin özlərinə və yaxınlarına nə məsləhət görərdiniz?

- Çox yaxşı başa düşürəm ki, bu, çətin bir məqamdır. Bilməliyik ki, bu qərar ilk növbədə ailənin və karantində qalanın təhlükəsizliyi üçündür və ən doğru addımdır. Təbii ki, darıxma, həsrət hissi var, ancaq bunlar müvəqqətidir. İki həftə tez bir zamanda keçib gedir, əsas odur ki həmin insanlarda virus aşkarlanmasın. Yenə də təmkinli olaraq qərara hörmətlə yanaşmaq lazımdır.

BakuCity.az
İlham Əliyev koronavirus xəstələrinə çağırış etdi
İlham Əliyev koronavirus xəstələrinə çağırış edib

Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Onlar, doğrudan da, böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər”.

BakuCity.azxəbər verir ki, bunu Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında AzTV-yə müsahibə verərkən deyib.

Ölkə başçısı koronavirusla mübarizədə Azərbaycanın bütün vətəndaşlarını həkimlərə dəstək olmağa çağırıb. Prezident Azərbaycanda koronavirusa yoluxmuş insanlara da çağırış edib.

“O cümlədən, bu xəstəliyə yoluxmuş insanlara da, - biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri altındadır, - müraciət edərək, həkimlərə qarşı diqqətli olmalarını tövsiyə edərdim”, - deyə Prezident əlavə edib.

BakuCity.az

Türkiyənin azərbaycanlı alimi: “Koronavirusa qarşı bir neçə vaksin hazırlanıb”
Gənclərdə isə xəstəliyin kliniki əlamətləri tam görülməsə də, onlar epidemioloji baxımdan ətrafdakılar üçün təhlükə yaradırlar

Koronavirus pandemiyası sərhədlərini hər gün genişləndirir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 266 min nəfərdən, ölənlərin sayı isə 11 min nəfərdən çoxdur. Gözlər virusun müalicəsi üçün tətbiq olunacaq vaksinin hazırlanmasına dikilib. Virusu tamamilə yox edəcək vaksin hazırlanacaqmı? Mövcud göstəricilər gələcəyə dair hansı ümidləri verir?

BakuCity.az xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən, SSRİ-də ilk dəfə olaraq malyariya xəstəliyinə qarşı peyvənd və yeni dərman preparatlarını hazırlayan tibb elmləri doktoru, professor, Türkiyə Parazitoloqlar Cəmiyyətinin fəxri üzvü Adil Allahverdiyev “Report”un Türkiyə bürosunun suallarını cavablandırıb.

Həmçinin oxu: Azərbaycanda daha 9 nəfərdə koronavirus aşkarlandı

Alimin sözlərinə görə, virusun məhv edilməsi üçün dünyadakı elm adamları bir neçə istiqamətdə araşdırmalar aparırlar: “Dünya səhiyyəsi qarşısında duran əsas vəzifə xəstəliyə qarşı peyvəndin, ikinci əsas məsələ bəzi infeksion xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının COVID-19-a təsirinin öyrənilməsi və ya virusa qarşı yeni dərman preparatlarının hazırlanmasıdır.

Eyni zamanda genetik mühəndislik yolu insan hüceyrələrində özünə yer edən virus hüceyrələrini dəyişdirərək yenidən xəstə hüceyrəyə verilməsi metodu da diqqət mərkəzindədir. Bundan başqa hibridoma texnologiyası ilə də xəstəliyin müalicəsi üzərində işlənilir. Ancaq təəssüf ki, bu gün ciddi cəhdlə aparılan araşdırmalarla həmin metodlardan heç biri xəstəliklə mübarizədə uğurlu nəticə verməyib”.

A.Allahverdiyevin sözlərinə görə, son günlər dünyanın müxtəlif ölkələrində (Çin, ABŞ, Rusya, Yaponiya) COVID-19-a qarşı vaksinin hazırlandığına dair iddialar irəli sürülür. Lakin bu iddialar təsdiqini tapmayıb: “mRNA-1273” adlı peyvənd az sayda insan üzərində sınaqdan keçirilsə də, onun nəticə verməsi üçün azı 18 aya ehtiyac olduğu açıqlandı. Düşünürəm ki, tədqiqatçılar tərəfindən bu sahədə araşdırmalar aparılsa da, problemin həllindən danışmaq çox tezdir. Çünki indiyə qədər bir çox müxtəlif infeksiyalara və xəstəliklərə qarşı peyvənd işlənib hazırlansa da, nəticələr ürəkaçan olmayıb.


Bu qədər tədqiqatlar nəticəsində sadəcə 11 xəstəliyə qarşı effektlı peyvənd hazırlaya biliblər. Digər tərəfdən COVID-19 infeksiyasının xüsusiyyətləri tam bəlli olmadığı üçün orqanizmə verilən peyvəndin aktivləşdirdiyi immun sistem hüceyrələrinə virusların necə cavab verəcəyi məlum deyil”.

Alim qeyd edib ki, peyvəndin tapılması üçün bütün gözlər ABŞ-a dikilib və oradakı elm adamlarının da, əldə etdiyi nəticələri hələ ki uğurlu hesab etmək olmaz: “Mövcud vaksinləri ideal adlandıra bilmərik. Belə ki, peyvənd üçün istifadə ediləcək protein antigenləri heç də, virusun bütün antigenlərini özündə əks etdirmir. Əminliklə deyə bilərəm ki, bu virusa qarşı yeni dərman preparatının hazırlanması azı 14 il müddətində mümkün ola bilir. Təəssüf ki, indiyə qədər viruslara qarşı əldə edilən dərman preparatları da, spesifik olmadığı üçün istənilən nəticələrin əldə edilməsi mümkün olmayıb. Çarə üçün hazırda ən əlverişli yol müxtəlif infeksion xəstəliklərin müalicəsində istifadə edilən dərman preparatlarının COVID-19-da test edilməsidir”.

A.Allahverdiyev bildirib ki, bir çox yaş qrupunda olan, milli mənsubiyyətindən, ölkəsindən asılı olmayaraq hər kəs virusa yoluxa bilər: “Xəstəliyin klinik əlamətləri ən çox yaşlı insanlarda və müxtəlif xəstəliyi olan şəxslərdə daha çox görünür. Gənclərdə isə xəstəliyin kliniki əlamətləri tam görülməsə də, onlar epidemioloji baxımdan ətrafdakılar üçün təhlükə yaradırlar. Belə ki, bu şəxslərin immun sistemi virusların çoxalmasına ev sahibliyi etdiyi üçün, onlar virus daşıyıcı rolunu oynayaraq xəstəliyi sağlam şəxslərə ötürəcəklər. Ancaq nəticələr onu deməyə əsas verir ki, immun sistemi zəif olan gənclərdə də, xəstəlik sürətlə inkişaf edərək ölümə yol aça bilər.

COVID-19-la bağlı dünyada baş verən hadisələr bir daha göstərir ki, xəstəlikdən azad olmaq çox da asan olmayacaq. Bunun əsas səbəbi xəstəliyin pandemik şəkil almasıdır. Belə ki, hər hansı ölkədə xəstəlik aradan qaldırılsa da, başqa ölkədən gələn xəstə insan bu xəstəliyin orada yenidən baş qaldırmasına səbəb olacaq”.

BakuCity.az
Koronavirusla mübarizə üçün robot yaradıldı - FOTO
Koronavirusla mübarizə çərçivəsində uzaqdan dərmanlama prosesinə imkan verən “epidemiyaya qarşı robot” düzəldilib.

“HaberGlobal”ın məlumatına görə, yeni texnika mərkəzi ofisi Çində yerləşən “Fly Dragon” şirkəti tərəfindən hazırlanıb.

Şirkətdən bildirilib ki, püskürdücülərlə həyata keçirilən dərmanlamanın bu işi həyata keçirən şəxsin səhhətinə zərər vermə ehtimalı var. Belə mənfi halların qarşısının alınması üçün hazırlanan robot isə açıq məkanlarda 1 km məsafədən idarə edilir.

İnsanların həyata keçirdiyi dərmanlama zamanı 5-10 litr dərman daşına bildiyi halda, “epidemiyaya qarşı robot”lar üçün bu göstərici 50 litrə bərabərdir.

Həmçinin sözügedən texnika saatda 15 min kvadrat metr ərazini dərmanlaya bilir.

Saatda üç km sürətlə hərəkət edən bu qurğular insanlar vasitəsilə həyata keçirilən dərmanlama prosesindən üçqat daha effektiv nəticələr göstərir.
Kafe, restoran, çayxana, internet klubları da bağlanacaq - RƏSMİ
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər davam etdirilir

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan BakuCity.az-ya verilən məlumata əsasən, növbəti addım kimi Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilir.

İctimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.
Məqsəd vətəndaşların təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkanlarını da saxlamaqdır.

Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar.

BakuCity.az
"Port Baku"da bütün işçilər təxliyə olundu - Koronavirusa görə
Bütün mərtəbələr evakuasiya olunub

"Port Baku Towers" ticarət mərkəzi koronavirus şübhəsi ilə əlaqədar bağlanıb.

BakuCity.az məlumat verir ki, iki nəfərdə yüksək temperatur aşkarlandığı üçün ticarət mərkəzində çalışanlar təxliyə olunub.

"Port Baku"dan xəbəri Anews.az-a təsdiqlədilər. Bildirilib ki, koronavirus şübhəsi ilə əlaqədar olaraq burada fəaliyyət göstərən bütün şirkətlər bağlanıb və bütün mərtəbələr evakuasiya olunub.

BakuCity.az
Koronavirusun aradan qalxacağı müddət açıqlandı
Virus qrip kimi asan yox olmur

Koronavirusun (COVID-19) aradan qalxacağı müddət açıqlanıb.

BakuCity.az-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsində fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan brifinqdə bildirib ki, koronavirusun yayda aradan qalxması taleyin hədiyyəsi olardı:

"Lakin buna arxayın olmaq olmaz. Virus qrip kimi asan yox olmur. Buna görə də virusla ciddi mübarizə aparmaq lazımdır.

BakuCity.az
Azərbaycan koronavirusla mübarizəyə beş milyon dollar ayırdı
ÜST ekspertləri ölkəmizə səfər edəcək
Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.
Bu barədə BakuCity.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilir ki, Azərbaycan Respublikası ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir.
“ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur. Azərbaycan Respublikasının ÜST ilə səmərəli əməkdaşlığı davam edir və 2020-ci il martın 8-də ÜST ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək”, - deyə məlumatda qeyd olunur.
BakuCity.az
Qərargah: Koronavirusla bağlı karantin normalarını pozanlara qarşı tədbirlər görüləcək
Koronavirus xəstəliyinin əlamətləri olan şəxslər həkim briqadalarına qarşı zor tətbiq edir
Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər davam etdirilir. Hazırda bununla bağlı müvafiq maarifləndirici, eyni zamanda tibbi baxımından tədbirlər həyata keçirilir, ictimai məkanlarda dezinfeksiya işləri aparılır və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq digər zəruri addımlar atılır.
Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Həmçinin oxu: Azərbaycanda tibbi spirt və maskaların satışına nəzarət gücləndirildi
Qeyd olunub ki, Azərbaycan ərazisinə keçən şəxslər, həmçinin ölkə ərazisindəki vətəndaşlarda visurun əlamətləri aşkarlandıqda təlimata uyğun olaraq karantinə götürülərək müvafiq xəstəxanalara yerləşdirilir, həmin müddətdə müəyyən testlər və müalicə aparılır:
"Təəssüflə bildiririk ki, koronavirus xəstəliyinin əlamətləri olan şəxslər bəzi hallarda həkim briqadalarına qarşı zor tətbiq edir, çağırışa gələn təcili tibbi yardım heyətinə qarşı müvaqimət göstərərək həkim nəzarətinə götürülməkdən yayınmağa çalışır. Bununla əlaqədar əhaliyə müraciət edərək bildiririk ki, virusun əlaməti aşkarlanan şəxsin həkim nəzarətinə götürülməsi onun müalicəsinin aparılması zərurəti ilə yanaşı, ailə üzvlərinin, ətrafdakı şəxslərin virusa yoluxmaması baxımından vacibdir. Bununla həmin şəxs özü və yaxınlarının səhhətinin qeydinə qalmış, həmçinin virusun ölkə ərazisində yayılmasının qarşısını almış olacaq".
Məlumatda bildirilib ki, karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcək:
"Eyni zamanda vətəndaşlarımıza virusdan qorunmaq üzrə gigiyena təlimatlarına riayət etməyi, insanların kütləvi toplaşdığı məkanlarda olmamağı, ciddi zərurət yaranmadığı halda xarici ölkələrə səfərlərini müvəqqəti ertələməyi tövsiyə edirik".
BakuCity.az
Koronavirus yayılmış ölkələrə gedənlərə müraciət: "Evinizi tərk etməyin"
TƏBİB-dən koronavirus yayılmış ölkələrə səyahət edənlərə müraciət
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) koronavirus (COVİD – 19) xəstəliyi yayılmış ölkələrə səyahət etmiş şəxslərə tövsiyələr verib.
BakuCity.az-a daxil olan Məlumatda həmin şəxslərdən respirator xəstəlik əlamətləri hiss etdikləri halda dərhal Təcili yardıma zəng etmələri istənilib:
“Koronavirus xəstəliyi rəsmi olaraq qeydə alınmış ölkələrə səyahət etmiş şəxslərin üzərində müşahidələrin aparılması son təmasdan sonrakı 14 gün ərzində nəzərdə tutulur. Müşahidə müddətində (14 gün) mümkün qədər evinizi tərk etməyin, insanların sıx toplandığı yerlərə getməyin, şəxsi gigiyena qaydalarına ciddi riayət edin. Tez-tez əllərinizi su və sabunla 20 saniyə ərzində yuyun. İstifadə etdiyiniz dəsmaldan ailə üzvlərinizin istifadə etməsinə yol verməyin. Respirator xəstəlik əlamətləri hiss etdiyiniz halda dərhal 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edin və həkim müayinəsindən keçin”.
Açıqlamada, həmçinin respirator xəstəliyin əlamətlərinin öskürək, qızdırma, ürəkbulanma, nəfəs darlığı olduğu bildirilib.
İnsanların sıx toplaşdığı ərazilərdə, o cümlədən biznes mərkəzlərində koronavirusla mübarizə məqsədilə dezinfeksiya işləri aparılır. Belə tədbirlərdən biri də Xəzər rayonunda yerləşən ticarət mərkəzlərindən birində baş tutub.
Vətəndaşları narahat etməmək və ictimai asayişə əməl etmək üçün proses gecə saatlarında, yəni sakinlər binanı tərk etdikdən sonra həyata keçirilib. Sözügedən binada əsasən azyaşlıların sağlamlığının qorunması məqsədilə uşaq əyləncə mərkəzində gigiyenik epidemioloji tədbir aparılıb. Xüsusi hazırlanan məhlul vasitəsilə uşaqların istifadə etdiyi oyuncaqlar və digər əyləncə vasitələri dezinfeksiya edilib. Həmçinin koronavirus riskinin aradan qaldırılması və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə binanın digər hissələri də sözügedən maye vasitəsilə təmizlənib.
Hər gün minlərlə vətəndaşı qəbul edən Bakı Beynəlxalq Avtovağzal Kompleksində həm ölkədaxili, həm də beynəlxalq reyslər üzrə hərəkət edən avtobuslarda da dezinfeksiya işləri davam etdirilir. Kompleksdə avtobuslar mütəmadi olaraq dezinfeksiya edilir. Gecə reyslərində hərəkət edən avtobuslar səhər saatlarında, gündüz reysləri isə gecə saatlarında dezinfeksiya edilir.
Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə bəzi beynəlxalq reyslər təxirə salınıb. Ona görə də,vətəndaşları maraqlandıran sualları cavablandırmaq üçün (012) 406-01-58 və (012) 406-01-59 nömrəli məlumat mərkəzi fəaliyyət göstərir.
BakuCity.az
Koronavirisa görə məhkumlarla görüş və sovqat qəbulu dayandırıldı - RƏSMİ
Azərbaycanda 6 nəfər koronavirus infeksiyasına yoluxub
Ədliyyə Nazirliyi Pentiensiar Xidmətinin müəssisələrində koronavurus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulunu dayandırılıb.
BakuCity.az xəbər verir ki, bunu Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Report”a deyib.
O bildirib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində sanitar-epidiolomoji, profilaktik və izahedici tədbirlər həyata keçirilir: “Bununla əlaqədar olaraq, Penitensiar Xidmətin müəssiələrində saxlanılan şəxslərinə görüş və sovqat qəbulu dayandırılıb”.
Qeyd edək ki, Azərbaycanda 6 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb və həmin şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. İndiyə qədər epidemiya 90 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 98 429-a çatıb. Bunların 55 641 nəfəri sağalıb, 3 387 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
BakuCity.az
Azərbaycana gələn daha 3 nəfər koronavirusa yoluxub
Hərarətləri normaldır
İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə BakuCity.az-a Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.
Həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdirilib
Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
BakuCity.az
Azərbaycanda tibbi spirt və maskaların satışına nəzarət gücləndirildi
Ölkədə tibbi spirt və maskaların satışına nəzarət gücləndirilib
"Koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar Azərbaycanda da bəzi dərman vasitələri, tibbi spirt və maskalara tələbat artıb. Müşahidələr göstərir ki, artıq bir sıra ölkələrdə tibbi maskaların qıtlığı yaşanır".
Bu barədə BakuCity.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, nazirlikdə yaradılmış İşçi Qrup və Nazirliyin aidiyyəti qurumları müvafiq monitorinq və təhlil aparıb, araşdırmalar göstərir ki, 95%-li tibbi spirtə tələbatı yerli istehsal tam təmin etmək imkanına malikdir:
"Nazirlikdə sahibkarlıq subyektləri ilə tibbi spirt istehsalı və qablaşdırılması məsələləri müzakirə olunub, qablaşdırma ilə bağlı qaldırılan bütün məsələlərin həlli istiqamətində müvafiq tövsiyələr verilib. Müzakirələrdə qeyd edilib ki, hazırda tibbi maskalar xarici ölkələrdən idxal olunur və idxalın artırılması nəzərdə tutulur. Bununla yanaşı, tibbi maskaların yerli istehsalının təşkili məqsədilə dövlət dəstəyi mexanizmlərindən istifadə üçün bütün imkanların yaradılacağı diqqətə çatdırılıb".
Həmçinin bildirilib ki, dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət daha da gücləndirilib, hazırda intensiv monitorinq və ciddi yoxlamalar aparılır:
"İqtisadiyyat Nazirliyi bir daha xəbərdarlıq edir ki, süni qıtlıq və əsassız qiymət artımı halları aşkar olunan sahibkarlıq subyektləri barəsində qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək".
BakuCity.az
Narahatlığa heç bir ciddi əsas yoxdur Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır. BakuCity.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edərkən deyib. Dövlət başçısı qeyd edib ki, hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar, bütün ölkələrdə bu məsələ müzakirə olunur: "Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın. Eyni zamanda, məktəblərin, ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlər verilibdir. Bunun da məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır. Yəni, bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq deyə bilərəm ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıbdır". İlham Əliyev onu da deyib ki, heç bir ölkə bu günə qədər yükdaşımalarının həyata keçirilməsinə məhdudiyyət qoymayıbdır, o cümlədən Azərbaycan da: "Bildiyiniz kimi, Azərbaycan tranzit ölkədir və biz uzun illər çalışırdıq ki, öz tranzit potensialımızı genişləndirək, buna nail ola bilmişik. Heç bir tranzit yüklər üçün məhdudiyyət qoyulmur. Ancaq bu sahəyə də xüsusi diqqət göstərərək tranzit yüklərin, xüsusilə cənub istiqamətindən ölkəmizə daxil olan, həm Azərbaycan istehlakçıları, həm də qonşu ölkələrin istehlakçıları üçün lazımi yüklərin çatdırılması ilə bağlı mütəşəkkil qaydada işlər aparılır, müvafiq yük maşınlarından ibarət xüsusi kolonlar formalaşdırılır, polis müşayiəti təmin edilib. Eyni zamanda, göstəriş vermişəm, xarici sürücülərə yemək təqdim edilsin ki, onlar idarə etdikləri maşınlardan tez-tez çıxıb ictimai yerlərə getməsinlər. Yəni, hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır. Bu günə qədər bizim bütün addımlarımız uğurla nəticələnib. Biz daim Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır". Prezident tibbi maska çatışmazlığını da toxunub: "Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir. Ona görə bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda, göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar". BakuCity.az
Narahatlığa heç bir ciddi əsas yoxdur
Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır.
BakuCity.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar, bütün ölkələrdə bu məsələ müzakirə olunur:
"Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın.
Eyni zamanda, məktəblərin, ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlər verilibdir. Bunun da məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır. Yəni, bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq deyə bilərəm ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıbdır".
İlham Əliyev onu da deyib ki, heç bir ölkə bu günə qədər yükdaşımalarının həyata keçirilməsinə məhdudiyyət qoymayıbdır, o cümlədən Azərbaycan da:
"Bildiyiniz kimi, Azərbaycan tranzit ölkədir və biz uzun illər çalışırdıq ki, öz tranzit potensialımızı genişləndirək, buna nail ola bilmişik. Heç bir tranzit yüklər üçün məhdudiyyət qoyulmur. Ancaq bu sahəyə də xüsusi diqqət göstərərək tranzit yüklərin, xüsusilə cənub istiqamətindən ölkəmizə daxil olan, həm Azərbaycan istehlakçıları, həm də qonşu ölkələrin istehlakçıları üçün lazımi yüklərin çatdırılması ilə bağlı mütəşəkkil qaydada işlər aparılır, müvafiq yük maşınlarından ibarət xüsusi kolonlar formalaşdırılır, polis müşayiəti təmin edilib. Eyni zamanda, göstəriş vermişəm, xarici sürücülərə yemək təqdim edilsin ki, onlar idarə etdikləri maşınlardan tez-tez çıxıb ictimai yerlərə getməsinlər. Yəni, hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır. Bu günə qədər bizim bütün addımlarımız uğurla nəticələnib. Biz daim Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır".
Prezident tibbi maska çatışmazlığını da toxunub:
"Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir.
Ona görə bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda, göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar".
BakuCity.az
Baş infeksionist: "Adi qrip koronavirusdan daha təhlükəlidir"
İndiyədək üç nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb
"Koronavirus adi bir respirator virus infeksiyasının növüdür. Bu, gələcək illərdə, çox güman ki, mövsümi bir xəstəlik kimi gözlədiyimiz xəstəliklərdən biri olacaq. İndiyə qədər 4 növlə meydana gələn koronavirus insanlar arasında xəstəliklər törədib. Mövsümi respirator virus infeksiyalarının, təxminən, 9 faizə qədəri koronavirusun 4 növünün payına düşüb. Təbii ki, bu COVİD-19 da onların sıralarına qoşulacaq"
BakuCity.az-ın məlumatına görə, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Report”a deyib.
C.İsayevin sözlərinə görə, koronavirusla bağlı ölüm halları 3 faizdən yuxarı qalxmır. O, hazırda Çində koronavirusla xəstələnmə hallarının azaldığının, Çindən kənar ölkələrdə isə artdığının müşahidə olunduğunu bildirib.
Baş infeksionist vurğulayıb ki, koronavirus infeksiyası elə də təhlükəli deyil:
"Bu, hər hansı bir xroniki xəstəlik və ya immun sistemində çatışmazlıq olan insanlarda təhlükəli ola bilər. Belə olduğu halda isə təkcə koronavirus deyil, bizim bildiyimiz qrip də olsa həmin şəxsin sağlamlığında təhlükə yarada biləcək. Bir məsələni də qeyd edim ki, adi qrip koronavirusdan daha təhlükəlidir. Çünki ABŞ-da ötən il adi qripdən ölənlərin sayı 18 min olub".
C.İsayev qeyd edib ki, bundan əvvəl ölüm riski yüksək olan viruslar da olub:
"Koronavirusun bu günədək 4 növünə rast gəlinirdi, bunun da demək olar ki, ölüm faizi qeyd olunmurdu. COVİD 19 da əvvəlki növlərdən bir qədər fərqli formadadır, yəni ölüm vermə ehtimalı artıb. 2012-ci ildə isə koronavirusun yeni bir növü tapılmışdı. O da 2013-2015-ci illərdə yayılmışdı. Ümumilikdə, bu virusdan 1200-dək insan xəstələnmişdi. Buna Yaxın Şərq respirator sindromu deyirdilər. Onda ölüm faizi yüksək idi, 27-40 faiz arası dəyişirdi. Göründüyü kimi, o virus da keçib getdi. Bu gün isə çox nadir hallarda həmin virusla xəstələnmə halları müşahidə olunur. Bundan əlavə onun SARS virusu var idi ki, ona da ilk dəfə 2002-ci ildə rast gəlinmişdi. Ondan da 850-900 nəfər arası xəstələnmə halı olmuşdu və 10 faizə yaxın ölüm hadisəsi baş verdi. Bir sözlə, həmin viruslar ölüm riskinə görə COVİD 19-dan daha yüksək yerdədir".
Qeyd edək ki, bu günədək Azərbaycanda üç nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Onlardan ikisi Azərbaycan, biri isə Rusiya vətəndaşıdır.
BakuCity.az
Bakıda 26 yaşlı qadının koronavirusdan ölməsi xəbərinə RƏSMİ MÜNASİBƏT
Ən ciddi tədbirlər görüləcək
Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkəmizdə narahatlığa səbəb olmaqla cəmiyyətdə süni ajiotaj yaradılmasında maraqlı olan şəxslər tərəfindən qərəzli olaraq guya “COVID-19” adlanan virus və ya koronavirus epidemiyasına yoluxmuş şəxsin 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) vəfat etməsi ilə bağlı səs yazısı yayılıb. Eyni zamanda, qeyd edilən mövzuda yalan məlumatların yayılması, o cümlədən kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməsi müşahidə olunur.
BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın və Baş Prokurorluğun mətbuat xidmətləri bununla bağlı məlumat yayıb.
İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur. Belə ki, 1994-cü il təvəllüdlü paytaxt sakini Nəzakət Ramazanovanın fevralın 29-da 3 saylı Şəhər Klinik Xəstəxanasında ağ ciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi faktı ilə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. N.Ramazanovanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilərək onun meyiti xarici və daxili müayinə olunub. Mərhumdan müayinə üçün götürülmüş nümunələrdə hər hansı bir infeksion xəstəlik aşkar edilməyib.
Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma davam etdirilir.
İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlərin görülməsi təmin ediləcək.
BakuCity.az
Məktəblərin 50 faizə qədəri dezinfeksiya olunub
Bütün təhsil müəssisələrində dezinfeksiya işləri aparılacaq
Xəzər rayonu Buzovna qəsəbəsində 5 nömrəli peşə təhsili müəssisəsində dezinfeksiya işləri aparılıb.
BakuCity.az xəbər verir ki, media nümayəndələri dezinfeksiya prosesini izləyiblər.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında bildirib ki, bu proses bir neçə gündür bütün təhsil müəssisələrində aparılır:
"Artıq ümumtəhsil müəssisələrinin təxminən 50 faizə qədəri dezinfeksiya olunub. Bu gün və növbəti günlərdə həmin say daha da artacaq. Bütün təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılması təmin olunacaq".
C.Valehov qeyd edib ki, Bakıda və bölgələrdə, Azərbaycanın bütün coğrafiyasında ümumtəhsil məktəblərində, bağçalarda, ilk peşə təhsil müəssisələrində, orta ixtisas və universitetlərdə dezinfeksiya işləri aparılır:
"Bildiyiniz kimi, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə martın 3-dən 9-dək bütün təhsil müəssisələrində təhsil, təlim-tərbiyə işləri dayandırılıb. Bunun da əsas mahiyyəti budur ki, təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərin görülməsi daha intensiv şəraitdə həyata keçirilsin. Bu işlər bütün aidiyyəti qurumların iştirakı ilə uğurla həyata keçirilir".
BakuCity.az
Dərslərin bir həftəlik dayandırılması necə kompensasiya olunacaq? - VİDEO

Cəmiyyət


Bəs fasilənin müddəti uzadılacaqmı?
Koronavirus infeksiyası ilə bağlı ölkənin ali və ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq.
BakuCity.az-ın məlumatına görə, bunu Azərbaycan Televiziyasına açıqlamasında Təhsil nazirinin müavini İdris İsayev bildirib.
Həmçinin oxu: Azərbaycanda məktəblərin bağlanma müddəti uzadıla bilər
Onun sözlərinə görə, bu, dərs ilinin uzadılması hesabına deyil, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək.
Hazırda dərslərə verilən fasilənin müddətinin uzadılmasına gəlincə, nazir müavini qeyd edib ki, vəziyyətdən asılı olaraq məsələ ilə bağlı qərar veriləcək.


BakuCity.az
Bakıda yaşayış binaları dezinfeksiya edilir - FOTO
Paytaxtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılılır
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinələri və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan məktəbəqədər təhsil müəssisələrində və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.
Mətbuat xidmətindən, həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi vurğulanıb.
Bakı metrosunda koronavirusla bağlı "qaynar xətt" yaradıldı
Dezinfeksiya işləri davam edir
Fevralın 21-dən "Bakı Metropoliteni" QSC-nin bütün obyektlərində və qatarlarda koronovirus infeksiyasına qarşı əks-epidemik profilaktik tədbirlər - dezinfeksiya işləri aparılmaqdadır.
Bu barədə BakuCity.az-a metropolitendən məlumat verilib.
Bildirilib ki, müvafiq lisenziyası olan şirkətlə bağlanmış müqaviləyə uyğun olaraq, hazırlanan tədbirlər planına əsasən, "Bakı Metropoliteni"nin müvafiq struktur vahidi işçilərinin nəzarəti altında şirkət tərəfindən "Nərimanov" elektrik deposunda qatarların ətraflı dezinfeksiyası tam olaraq yerinə yetirilib və ikinci dövrə üzrə dezinfeksiya işlərinə başlanılıb və davamlı olaraq aparılacaq. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, dezinfeksiya işləri vaqon salonunun bütün hissələrini əhatə edir.
Tədbirlər planına uyğun olaraq, "Nərimanov" elektrik deposunun yeməkxanasında da dezinfeksiya işləri aparılıb. Profilaktik tədbirin aparılmasına ictimai nəzarət də təmin edilir. Budəfəki tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Sağlamlığın mühafizəsi və sosial təminat üzrə şöbəsinin etimadlı həkimi Söhrab Mansurov da yaxından iştirak edib. Onunla yanaşı, həkim-mütəxəssis Emin Kəbirlinski, Metropoliteni İşçiləri Həmkarlar İttifaqının nümayəndəsi və əməyin texniki müfəttişi də işləri yaxından izləyiblər. Onlar profilaktik tədbirlərin təşkilini yüksək qiymətləndiriblər.
Fevral ayının 26-dan başlayaraq gündəlik olmaqla koronavirus infeksiyasına qarşı əks-epidemik profilaktik tədbirlər stansiyalarda da aparılır. Gündəlik iş şəraiti rejimində əllə təmas olunan səthlər xüsusi dezinfektantlarla silinərək təmizlənir. Dezinfektantlarla silinən yerlərə qapılar, şüşələr, pilləkən, keçid, vestibül, plaftomalar və s. yerlərdə tutacaqlar, eskalatorların sürahilərini nümunə göstərmək olar. Bu işlər gün ərzində bir neçə dəfə təkrarlanmaqla yerinə yetirilir və daimi olaraq nəzarət təmin edilir. Gündəlik rejimdə istifadə olunan dezinfektantlar insan sağlamlığı üçün təhlükəsizdir. Gecə saatlarında, sərnişinlərin metropolitendən istifadə etmədiyi vaxtlarda stansiyalarda aparılan profilaktik dezinfeksiya tədbirlərinə keçid, vestibül, plaftorma və stansiya yolları daxildir.
Tədbirlər planına uyğun olaraq, "Bakı Metropliteni"nin bütün inzibati binaları və yeməkxanalarında, o cümlədən xidməti və işçi otaqlarda, sanitariya qovşaqlarında, vestibül, dəhlizlər və s. yerlərdə dezinfeksiya işləri mərhələli qaydada aparılır.
Xatırladaq ki, metropolitendə koronavirusla əlaqədar dezinfeksiya zamanı geniş spektrli "ProGreen DEZ-8" dərman vasitəsindən istifadə olunur. Bu dezinfektant bütün növ mikroblar, bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır.
Ümumən 2020-ci il yanvar ayının 30-dan "Bakı Metropoliteni"də geniş maarifləndirmə işlərinə də start verilib. İlk olaraq metropoliten işçiləri arasında Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, həmçinin TƏBİB-in tövsiyələrinə uyğun olaraq, koronavirusla bağlı ətraflı maarifləndirmə işləri aparılıb və davam edir.
Koronavirus ilə bağlı metropolitendə mütəmadi olaraq görülən tədbirlər barədə ictimaiyyəti maraqlandıran məsələlər üçün “Bakı Metropoliteni”ndə 964 və (012) 490 00 00 nömrəli qaynar xətləri (http://metro.gov.az/az/contacts) davamlı fəaliyyət göstərir. Məsələnin əhəmiyyəti nəzərə alınaraq, metropolitenlə digər məsələlərlə bağlı telefon rabitəsinin qurulması üçün +994 (12) 490 01 01 nömrəsi təyin edilib.
BakuCity.az
Bakıda koronavirus şübhəlisinin aparılma görüntüləri ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Profilaktik tədbirlərin tərkib hissəsidir
Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ilə bağlı mətbuatda yayılan və vətəndaşların müraciəti ilə daxil olan bütün məlumatları ciddi araşdırır və operativ reaksiya verir.
Qərargahdan BakuCity.az-a bildirilib ki, martın 1-də sosial şəbəkələrdə yayılmış və xüsusi geyimdə olan həkimlərin "İçərişəhər" metro stansiyası yaxınlığında görünməsini əks etdirən videomaterial vətəndaşlar tərəfindən verilmiş məlumat əsasında xəstəlik şübhəsi olan şəxsin nəzarət altına alınması zamanı çəkilib:
Həmçinin oxu: Koronavirus Çində havanı təmizlədi - FOTO
"Koronavirus şübhəsi ilə müşahidə altına alınan və ya xəstəlik şübhəsi ilə təcili tibbi yardıma müraciət edən istənilən şəxs olduğu yerdən məhz bu xüsusi geyimlərdə olan həkimlər tərəfindən xəstəxanaya aparılır. Bu görüntülər şəhərdə yeni koronavirus xəstəsinin aşkar olunduğu demək deyil, profilaktik tədbirlərin tərkib hissəsidir.
Ölkədə yeni koronavirus xəstəliyinə yoluxma faktı qeydə alınarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq.
Bir daha vətəndaşlardan süni ajiotaj yaratmamağı və rəsmi mənbələrdən paylaşılan məlumatları izləməyi xahiş edirik".
BakuCity.az
Bakıda koronavirusa görə xəstəxanaya aparılan turistlər İrana göndərildi
Onlarda virus aşkarlanmayıb
“Holiday Inn Baku” hotelinin rəhbərliyi bu hotelin iranlı müştərilərinin koronavirusla bağlı xəstəxanaya yerləşdirilməsi xəbərinə münasibət bildirib.
BakuCity.az-ın məlumatına görə, hoteldən Report-a bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən mehmanxanada qonaqlayan iki xarici vətəndaş yoxlamaya alınıb və koronavirusla bağlı simptomların heç biri onlarda aşkarlanmayıb:
“Həmin vətəndaşlar sərhəddən keçərkən yoxlanılıblar və 1 saylı Kliniki Tibbi Mərkəzdə təkrar yoxlanma (inkubasiya dövrü) məqsədilə qeydiyyata alınıblar. Yoxlama nəticəsində onlarda virus aşkarlanmayıb və artıq öz ölkələrinə dönüblər”.
Qeyd edək ki, Bakıda “Holiday Inn Baku” hotelinin iki, digər hotellərin isə üç iranlı müştərisi koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülmüşdü.
BakuCity.az
Koronavirus təhlükəsi: Bakıdakı ticarət mərkəzləri də bağlanacaq?
Bakıdakı ticarət mərkəzləri koronavirusla əlaqədar təhlükə saçırmı?
Məlum olduğu kimi, Azərbaycanda koronavirus infeksiyasının qarşısının alınması ilə əlaqədar qabaqlayıcı tədbirlər çərçivəsində bir sıra kütləvi tədbirlər, o cümlədən konsertlər təxirə salınıb, həmçinin bütün ümumtəhsil müəssisələrində tədrisin dayandırılma müddəti martın 27-dək uzadılıb.
Ancaq unutmaq olmaz ki, paytaxtda eyni vaxtda çox sayda insanın, o cümlədən azyaşlıların, məktəb yaşlı uşaqların olduğu bir sıra iri ticarət və əyləncə mərkəzləri var. Ziddiyyətli məqam burasındadır ki, dərslərdən azad edilən məktəblilərin böyük bir hissəsi vaxtlarının çox hissəsini bu mərkəzlərdə keçirir. Kütləviliyi nəzərə alsaq, o zaman istirahət, alış-veriş mərkəzləri risk zonasına daxildir. Belə bir “koronavirus ajiotajı” fonunda şəhərdə bütün ticarət və əyləncə mərkəzlərinin martın 27-dək bağlanacağı ilə söz-söhbətlər dolaşır.
Məsələ ilə əlaqədar olaraq BakuCity.az araşdırma aparıb, bir sıra mərkəzlərlə əlaqə saxlayıb.
Həmçinin oxu: Koronavirusla bağlı yanlış təsəvvürlər və faktlar - ÜST-nin TÖVSİYƏLƏRİ
“28 Mall”, “Amburan Mall”, “Ganja MALL”, “Ganjlik Mall” və “Port Baku Mall” ticarət və istirahət mərkəzlərini kurasiya edən “PashaConstruction Malls Group”un marketinq departamentinin rəhbəri Nuranə İsgəndərova saytımıza açıqlamasında bildirib ki, belə bir məlumat KİV-də getməyib, “WhatsApp”da səsli mesaj vasitəsilə yayılıb:
“Bildirmək istərdim ki, bu məlumat tamamilə yanlışdır. Hazırda bizim departamentin nəzdində 5 “Mall” var. Həmçinin bu ayın 12-si Dəniz Mall-un açılışı olacaq. Heç bir obyektə bağlanma ilə əlaqədar tapşırıq gəlməyib”.
N.İsgəndərov qeyd edib ki, belə bir göstəriş verilərsə, marketinq departamenti müvafiq bəyanat yayacaq:
“Hələ ki əvvəlki rejimdə - saat 10:00-dan 22:00-dək fəaliyyət göstəririk. Gecə saatlarında, binada heç kim olmayanda bütün zəruri dezinfeksiya işləri görürük. Bizdə xüsusi qrafik hazırlanıb. Keçən həftə dezinfeksiya işləri həyata keçirilib, bu həftə də görüləcək”.
“Park Bulvar” alış-veriş mərkəzindən də bildiriblər ki, obyektin fəaliyyətini dayandıracağı ilə bağlı xəbərlər həqiqətə uyğun deyil:
“Bu dezinformasiya ilə əlaqədar olaraq şəhər sakinləri həqiqəti öyrənmək məqsədilə bizə çoxsaylı zənglər edirlər. Əgər bizə belə bir tapşırıq verilsə, əvvəlcədən bu barədə məlumat verəcəyik.
Əvvəlki qaydada fəaliyyətimizi davam etdiririk. Həftədə bir dəfə gecə saatlarında obyektlərimizdə dezinfeksiya işləri görülür”.
Züleyxa İsmayılova
BakuCity.az
Hamilə qadınlar və süd verən analar koronavirusa qarşı hansı tədbirləri görməlidir?
Hamilə qadınlar və süd verən analar koronavirusa qarşı hansı tədbirləri görməlidir?
Ümumdünya Səhiyyə Təşkilatının pandemiya kimi tanıdığı koronavirus gün keçdikcə insanlar arasında daha çox təlaş yaradır. Bu virusun təsirləri hamilələr üçün də önəmlidir.
BakuCity.az-ın “HaberGlobal”a istinadən verdiyi məlumata görə, türkiyəli qadın xəstəlikləri və doğuş mütəxəssisi Emre Pabuççu bununla bağlı bir sıra maraqlı məqamlara aydınlıq gətirib.

Koronavirusa yoluxan anadan uşağına virus keçirmi?

Mütəxəssisin fikrincə, hamilə qadınlardan bətnindəki uşağa virusun yoluxmasına halına hələ ki, rast gəlinməyib. Bundan başqa, doğuşdan sonra hamilə olarkən infeksiyaya yoluxmuş anaların körpələrində COVID-19 aşkarlanmayıb. Bununla belə, ekspert tədbirli olmağı tövsiyə edib.

Koronavirusa yoluxduğu təsdiqlənən ana uşağına süd verə bilərmi?

Həkim bildirib ki, bəzi mikroblar, məsələn HİV südlə keçə bilir. “Ancaq COVID-19 üçün aparılan araşdırmalar zamanı süddə virus tapılmayıb. Yəni əmizdirmədə problem yoxdur”, - mütəxəssis qeyd edib.

“Bununla belə, koronavirusa yoluxduğu təsdiqlənən qadınların süd verməyi dayandırması və bununla da, riski azaltması tövsiyə edilir”, - deyə, həkim sözlərini yekunlaşdırıb.

BakuCity.az
Bu günədək 1743 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Ajiotaj və təxribat hallarına yol verməmək tələb olunur

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu günədək İstanbul, Ankara, Antalya, Moskva, Sankt-Peterburq, Roma və Budapeşt şəhərlərinə 12 çarter reysi həyata keçirərək, 1743 Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib.

AZAL-dan BakuCity.az-a verilən məlumata görə, Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq, vətəndaşlarımızın ölkəyə qaytarılması istiqamətində bütün zəruri tədbirlər görülməkdədir. "Azərbaycan Hava Yolları"nın ekipaj üzvləri, aviakassa əməkdaşları daxil olmaqla, bütün heyəti gücləndirilmiş iş rejimində çalışmaqda davam edir.

Ölkəmizə qayıdan hər bir şəxs həkim müayinəsindən keçir, zərurət olduqda karantinə yerləşdirilir. Bu səbəbdən vətəndaşların ölkəyə geri qaytarılma tarixi Nazirlər Kabineti yanındakı Operativ Qərargahın hazırlıq işləri ilə uyğunlaşdırılaraq müəyyən edilir. Belə ki, vətəndaşlarımızı xaricdən gətirən çarter reyslərinin qrafiki xüsusi rejimli xəstəxanaların və karantin yerlərinin hazırlığına, xaricdən qayıdan şəxslərin testlərdən keçirilməsi, karantinə göndərilən şəxslərin logistikası və digər detallar üzrə hazırlıqlara uyğun həyata keçirilir. Uçuşlar zamanı birinci növbədə Azərbaycana geri dönüş bileti olan vətəndaşlarımızın, yaşlı, azyaşlı uşağı olan və xəstəliyi ilə əlaqədar xaricdə olan şəxslərin qayıdışına üstünlük verilir.

Xaricdə olan digər vətəndaşlardan Azərbaycan Respublikasının həmin ölkələrdəki səfirlik və konsulluqlarında qeydiyyatdan keçmələri və geri dönüşləri üçün müəyyən olunan qrafiklərə ciddi əməl etmələri, bütün dünyanın uçuş sistemində yaranan fövqəladə vəziyyətdə nizam-intizam və vətəndaş məsuliyyəti nümayiş etdirmələri, ajiotaj və təxribat hallarına yol verməmələri tələb olunur.

BakuCity.az

Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar həbs ediləcək - 3 il
Eyni əməllər insan ölümünə cəza daha da ağırlaşacaq

Azərbaycan Prezidenti İlham Əliyev Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiq edib.

BakuCity.az-ın məlumatına görə, Məcəlləyə əlavə edilən 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

BakuCity.az
Prezidentdən koronavirusla bağlı XƏBƏRDARLIQ: "Qaydalara əməl etməyənlər çox ciddi məsuliyyətə cəlb ediləcək"
Karantin tədbirləri görülür, yeni laboratoriyalar alınıb

"Xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin".

BakuCity.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil:

"Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Yaşlı nəslin nümayəndələrinə Azərbaycan cəmiyyətində həmişə böyük hörmət göstərilir. Mən bu mövzu ilə bağlı fikirlərimi kifayət qədər geniş şəkildə bildirmişdim və bir daha demək istəyirəm ki, bu, bizim cəmiyyətimizin əsas sütunlarından biridir. Bizim ənənələrimiz, milli dəyərlərimiz, yaşlı nəslin nümayəndələrinə hörmət və diqqət milli xüsusiyyətimizdir və biz bu dəyərləri bundan sonra da qorumalıyıq. Ancaq indiki şəraitdə yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Onlara hörmət dildə, sözdə yox, əməldə göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur. Əminəm ki, biz dünyanı bürümüş, pandemiya halına çevrilmiş bu xəstəliyə qarşı birlikdə mübarizə aparacağıq və bu mübarizə öz nəticəsini verəcəkdir.

Koronavirus xəstəliyi əlbəttə ki, vəziyyəti çətinləşdirir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq. Buna nail olmaq üçün biz hamımız həmrəylik göstərməliyik, məsuliyyət göstərməliyik, birlik göstərməliyik. Dünya üçün bu çətin dövrdə həm xalqımızı, həm dövlətimizi qorumaq üçün xalqımızın ən ülvi xüsusiyyətlərini bir daha göstərməliyik və bunu dünyaya təqdim etməliyik.

Bildiyiniz kimi, koronavirus xəstəliyi dünya gündəliyinin bir nömrəli məsələsidir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edibdir və bəyan edibdir ki, pandemiyanın mərkəzi Avropa məkanıdır. Bu xəstəliyin geniş yayılması onu göstərir ki, hətta inkişaf etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün biz bəri başdan, ən ilk günlərdən praktik addımlar atmağa başlamışıq. Mənim göstərişimlə yanvarın 24-dən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bu qərargah 24 saat işləyir, bütün dövlət qurumlarının fəaliyyətinə rəhbərlik edir, xəstəliklə bağlı bütün işləri nəzarətdə saxlayır və bu işləri əlaqələndirir. Ciddi tədbirlər görülmüşdür. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə yanvarın 24-dən yeni əməkdaşlıq formatı çərçivəsində işləməyə başlamışıq. Onları ölkəmizə dəvət etmişik. Onların tövsiyələrinə riayət edərək ölkəmizdə çox ciddi tədbirlər görmüşük. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri mart ayında Azərbaycana gələrək, vəziyyətlə tanış olaraq bildirdilər ki, Azərbaycan rəhbərliyi koronavirusun yayılmaması üçün çox önəmli və təsirli tədbirlər görür. Bu, həqiqətən də belədir.

Bildiyiniz kimi, bütün uşaq bağçaları, məktəblər, ali məktəblər bağlandı. Kütləvi tədbirlərin keçirilməsi qadağan edildi. Martın 14-dən xüsusi davranış qaydaları tətbiq edildi və ictimaiyyətə bu məsələ ilə bağlı kifayət qədər məlumat verilir. Xəstəliklə, onun yayılması və nəticələri ilə bağlı mənim göstərişimlə vətəndaşlara müntəzəm olaraq bütün məlumatlar verilir. Karantin tədbirləri görülür, yeni laboratoriyalar alınıbdır. Qısa müddət ərzində ən müasir dörd laboratoriya alınıb gətirilib və hazırda bizim laboratoriyalarımızın sayı 10-a çatıb. Lazım olarsa, əlavə laboratoriyalar alınacaqdır. On xəstəxana xüsusi rejimdə işləyir. Bu xəstəxanalar ölkəmizin müxtəlif bölgələrində yerləşir, o cümlədən Bakı şəhərində. Bu xəstəxanalarda həm xəstələrin müalicəsi aparılır və həm də karantin tədbirləri görülür".

Dövlət başçısının sözlərinə görə, bir çox ölkələrlə gediş-gəliş artıq məhdudlaşdırıldı, demək olar ki, tamamilə aradan qaldırıldı:

"Bir çox aviareyslər ləğv edildi, sərhədlərimizin bağlanması istiqamətində əməli addımlar atıldı, elektron vizaların verilməsi dayandırıldı və xəstəliyin geniş yayıldığı ölkələrdən Azərbaycana insanların gəlməsi qadağan edildi. Bütün bu tədbirlər əminəm ki, öz müsbət təsirini göstərəcək. Bizim əsas məqsədimiz bu xəstəliyin Azərbaycanda yayılmamasıdır. Buna nail olmaq üçün təkcə dövlət tərəfindən görülən tədbirlər kifayət deyil. Dövlət nə lazımsa edir, vəsait ayırır. Martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait ayrıldı. Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun. Biz bunu da nəzərə alırıq. Mən bir daha Azərbaycan həkimlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar bu xəstəliyə qarşı fədakarcasına mübarizə aparırlar, öz sağlamlıqlarını risk altına atırlar. Ancaq yüksək məsuliyyət, içdikləri and əlbəttə ki, onları bu işlərə sövq edir. Xəstələr də həkimlərə böyük diqqətlə yanaşmalıdırlar. Bu, indiyədək dünyada görünməmiş xəstəlikdir və bu xəstəliyin yayılması templəri də bizə bəlli deyil. İnkişaf etmiş bir neçə ölkədə artıq bu xəstəlik bir-iki gün ərzində geniş vüsət alır. Bu, onu göstərir ki, xəstəliyin sanki akkumulyasiya dövrü vardır, ondan sonra bu xəstəlik geniş yayılır. Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək.

Təəssüflər ki, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin. Bizim siyasətimiz birmənalıdır, bizim iradəmiz qətidir. Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın".

BakuCity.az
Koronavirusla bağlı informasiya portalı istifadəyə verildi
Suallara cavab tapmaq olar

Azərbaycanda əhalinin məlumatlandırılması məqsədilə www.koronavirusinfo.az informasiya portalı istifadəyə verilib.

BakuCity.az xəbər verir ki, Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin profilaktikası, əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında operativ qərargah tərəfindən məlumat portalı istifadəyə verilib.

Portalda koronavirus (COVID-19) haqqında təsdiqlənmiş ümumi məlumatlar, dünyada mövcud vəziyyət, Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən tədbirlər və operativ xəbərlər öz əksini tapıb.

Azərbaycan hökumətinin əhalinin sağlamlığılının mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə müəyyənləşdirdiyi qaydalar, təlimatlar və tövsiyələr operativ şəkildə vətəndaşların diqqətinə çatdırılır.

Vətəndaşlar portala müraciət etməklə interaktiv qaydada onları maraqlandıran suallara cavab ala biləcəklər.

BakuCity.az
DİQQƏT: Evlərdə koronavirusa qarşı testlər edəcək
Testin cavabı 6 saata hazır olacaq

Təcili tibbi yardım həkimləri evlərdə koronavirusa qarşı testlər edəcək.

BakuCity.az xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev deyib.

O qeyd edib ki, kimsə özündə hərarət, zökəm, öskürək və s. kimi şübhəli əlamətlər hiss edərsə, çəkinmədən təcili tibbi yardıma çağırış edə bilər:

“Adi mövsümi qriplərdən əziyyət çəkirsinizsə və həkimə getməkdən ehtiyat edirsinizsə, evə çağırış edin. Şübhəli əlamətlər olsa, test edib sizi koronavirus qorxusundan da xilas edəcəklər”.

Həkimin sözlərinə görə, testin cavabı 6 saat müddətinə hazır olacaq:

“Bu, təmasların azaldılması baxımından əla tədbirdir”.

BakuCity.az
Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar
Yazının hazırlanmasında Nostradamusun, Vanqanın və müasir “öngörücülərin” proqnozlarından istifadə edilməyib. İnternetdə mövzuya uyğun müvafiq elmi-kütləvi nəşrlər araşdırılıb.

Müqayisəli statistika göstərir ki, tibbi mobilizasiya olmayanda koronavirusa yoluxanların sayı mübarizə tədbirləri aparılan hala nisbətə 3 dəfə çox olur.

Birinci halda infeksiya o qədər sürətlə yayılır ki, tibbi yardıma möhtac olanların sayı ölkənin mövcud səhiyyə resurslarından artıq olur. Çünki həmin imkanları qısa müddətdə çoxaltmaq mümkün deyildir. Xəstəxana çarpayıları, oksigen balonları, tibbi vasitələr və ən əsası həkimlər çatmır. Nəticədə ölüm faizləri də çox olur. İtaliya və İranda olduğu kimi...

İkinci halda, yəni bu bəlaya qarşı aktiv məhdudlaşdırıcı tədbirlər görüldükdə infeksiyanın yayılması əhəmiyyətli dərəcədə yavaşlayır. Doğrudur, epidemiya hələ də yayılmağa davam edir, lakin ağır xəstələri meydana çıxarmaq üçün vaxt və tibbi resurslar daha əlverişlidir. Bu ssenarinin əlavə bir üstünlüyü, infeksiyaya yoluxma riskinə sahib olan həkimlərin daha az təhlükəyə məruz qalmalarıdır.

Keçmişdə İspan qripinə qarşı mübarizədə belə oldu. Hal-hazırda kifayət qədər sərt qaydada və gecikmədən bunu edən ölkələr Sinqapur və Çin da uğurlu nəticələrə nail olmaqdadırlar.

Alimlərinin tədqiqatlarına görə, epidemiyalarda ümumi olaraq, yayılmanın 30% -i evdə baş verir. 37 % yoluxmanın məktəblərdə vəya iş yerlərində, 33 %-in isə digər ictimai ortamlardan başladığı güman edilir. Buna görə də məktəbin bağlanması və sosial yönümlü profilaktika siyasəti daha effektiv hesab edilir.

Hələ 2006-cı ildə nəşr edilmiş “Qrip pandemiyasının azaltılması strategiyaları” adlı araşdırmada göstərilir ki, məktəblərin bağlanması pik hücum dərəcələrinin daha da azalmasına səbəb olur (40% -ə qədər). İş yerlərinin yarısının bağlanması bu təsiri artıra bilər, lakin daha yüksək iqtisadi qiymətə başa gəlir.

Sosial yönümlü profilaktika siyasətində üçün, ən yaxşı istifadə, məktəb və ya iş yerlərində dərmanların paylanması, tibbi proflaktiki tədbirlərin aparılmasıdır. Lakin bunun üçün əhalinin azı 72% -i proflaktiyaya cəlb olunmalıdır və tam antiviral ehtiyat tələb edilir. Peyvəndlərdən istifadə olunması əhəmiyyətli təsir göstərir. 2 həftədə bir doza peyvəndi, yoluxma ehtimalını 30% azaldır və yoluxmuş olanların klinik halına çevrilməsini 50% olaraq qoruyur. Gündə əhalinin 1% nisbətində peyvənd etmək, ilk qlobal püskürmənin 2 ayı ərzində başlamadır. Mərhələli bir peyvənd proqramı, ilk növbədə uşaqlar peyvənd olunduqda ötürülmənin azaldılmasına maksimum təsir göstərir, çünki məktəb yaşlı uşaqlar ən yüksək ötürmə nisbətinə malikdirlər.

Epidemiyalarda yoluxma sayının minimuma endirilməsi

Yayılma sürəti virusun özündən və insanların davranışından asılıdır. İnsanlar arasındakı təmaslar kökündən azalsa ən yoluxucu virus tez yayıla bilməyəcək. Yeni epidemiyanın proqnozlaşdırılmasında əsas parametr R₀ - reproduktiv sayıdır: bu, bir yoluxmuş şəxsin yoluxdurduğu insanların orta sayıdır. Əlbəttə ki, bu virusun xüsusiyyətlərindən asılıdır: məsələn, xarici mühitdə nə qədər sabit olması, hüceyrələrə asanlıqla nüfuz etməsi, səbəb olduğu xəstəliyin nə qədər davam etməsi və fəal şəkildə öyrənilən bir çox xüsusiyyətləri.

Bununla birlikdə, R₀ - yoluxmuş insanların orta sayı sosial əlaqələrin ortalama sayından asılıdır: ötürülmə ehtimalı çox yüksək olsa da, əhali içərisində bu təmasların sayı minimuma endirilərsə R₀ dəyəri əhəmiyyətli dərəcədə azaldıla bilər. R₀-ın hətta kiçik bir azalmanın təsirinin zamanla artdığını başa düşmək vacibdir. Bunu, məsələn, mövcud epidemiyanın tədqiqatçılarından biri olan britaniyalı Adam Kuçarski sadə hesablamalarla göstərir: əgər 5 gündə yeni bir infeksiyanın iki dəfə artması üçün vaxtın qiymətləndirməsini götürsək, onda daimi R₀ = 2.5 ilə ayda bu halların sayı artacaq (2, 5) ⁶ = 244 dəfə, R₀ yarıya endirildiyi təqdirdə ayda yeni halların sayı cəmi dörd qat artacaqdır.

Yeni halların sayını yarıya endirmək üçün R₀-ni cəmi 10% azaltmaq kifayətdir. R₀-ni kritik bir dəyərə endirilsə bilsək, epidemiya tədricən bitəcəkdir.

2003-cü ildə baş verən SARS epidemiyasında belə oldu: sərt karantin tədbirləri tətbiq edildikdən sonra təbii olaraq azaldı. O vaxt peyvənd üzərində iş aparılsa da, heç bir peyvənd edilmədi. Epidemiyanın sonunda xəstələnənlərin sayı ümumi əhali ilə müqayisədə az idi. Təəssüf ki, SARS epidemiyasının nisbətən kiçik ziyanının da mənfi tərəfi oldu: sona çatdıqdan sonra bu tip koronavirus infeksiyasının qarşısının alınması istiqamətində işlər aparılmadı.

Yeni epidemiyanın başlanğıcında bir çox mütəxəssis SARS-CoV-2 ilə eyni şeyin baş verə biləcəyini düşünürdü: Çində ciddi karantin tədbirlərinin tətbiqi, bütün xəstələrin ümumi monitorinqi və karantinin olmasının mümkün olduğu bir vaxtda virusu dayandırdı. Bununla birlikdə, yeni koronavirus SARS-dən bir qədər daha çox yoluxucu oldu və Çində karantin çox gec tətbiq olunması miqyası artırdı.

Epidemiya erkən mərhələdə dayandırılmasa, hamı ümumiyyətlə xəstələnəcəkmi? Hər kəs xəstələnməsə də, çox adam yoluxacaqdır. Epidemiya yalnız xəstələnmiş və ya aşılanmışların nisbəti əhəmiyyətli olduqda azalacaq.

Epidemiyanın dinamikası çox mürəkkəb olmayan riyazi qanunlara uyğundur: orta hesabla bir yoluxmuş insan həssas bir populyasiyada birdən çox insana yoluxursa, o zaman xəstəliklərin sayı eksponent olaraq artacaqdır. Bir nümunə olaraq hesablama aparıla bilər: əgər hər bir yoluxmuş şəxs orta hesabla iki nəfəri yoluxdurursa, xəstələnənlərin nisbəti 50% -ə çatanda bu iki nəfərdən yalnız biri infeksiyaya həssas olmağa davam edəcək və artma dayanacaq.

Bu deyilənlər epidemiya ilə mübarizə üçün strateji araşdırmaların vacibliyini bir daha göstərir. Pandemiyanın şiddətini azaltmaq üçün milli strategiyaların hazırlanması həm qlobal, həm də ölkə daxilində ictimai sağlamlığın prioritet məsələsidir.

Şöhrət Eyvazov / Modern.az

İlham Əliyev: Azərbaycanda koronavirusun yayılması o qədər də geniş vüsət almayıb
"Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq"

Azərbaycanda koronavirusun yayılması o qədər də geniş vüsət almayıb.

BakuCity.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Novxanıda dəmiryol işçiləri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, bütün dünya indi koronavirusdan əziyyət çəkir:

"Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görmüşdür. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.

Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə də yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaqdır"
Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, Prezident pul ayırdı
İlkin olaraq 20 milyon manat ayrıldı

Prezident İlham Əliyev Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılır.

“Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilir.

Müəyyən edilir ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Dövlət başçısının müvafiq sərəncamı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılır.

BakuCity.az
https://www.bakucity.az/news/2699946/azrbaycanda-10-yeni-koronavirusa-yoluxma-fakti-qeyd-alindi
33 nəfər aktiv koronavirus xəstəsi var

Azərbaycanda 10 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

İnfeksiyaya yoluxmuş həmin şəxslər müxtəlif vaxtlarda Almaniya, Fransa, Türkiyə və İrandan Azərbaycana qayıdıblar.

Hazırda Azərbaycanda 33 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Qərargah koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, hər bir şəxsi Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırır:

"Eyni zamanda vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək kimi qaydalara əməl etmək tələb olunur".

BakuCity.az

Azərbaycanda daha 9 nəfərdə koronavirus aşkarlandı
Azərbaycan Respublikasında 9 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri sabitdir.

Hazırda Azərbaycanda 42 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və digər qaydalara əməl etmək tələb olunur.

BakuCity.az
Koronavirusun tüğyan etdiyi məqamda "Yaşma bağları" sakinləri əl yumağa su tapmır - ŞİKAYƏT

"Yaşma bağları" yaşayış massivinin suyu yenə də kəsilib

Sakinlərin BakuCity.az-a bildirdiyinə görə, "Yaşma bağları" yaşayış massivinə verilən su on gündən artıqdır ki, kəsilib:

“Koronavirusun surətlə yayıldığı bir vaxtda, həm də xalqımızın milli bayramı olan Novruz bayramı günlərində bu əraziyə verilən su kəsilib. Artıq on gündən çoxdur ki, susuz qalmışıq. Qəsəbə sakinləri içməli suyu onsuz da pulla alırdı, hazırda isə aldığımız su bizə çatmır. Bilmirik bu suyu koronovirusdan qorunmaq üçün gigiyenik təmizliyimizə sərf edək yoxsa içək”.

Həmçinin oxu: "Yaşma bağları" sakinləri yenə də susuz qalıblar: "Çürük borular bundan yaxşı idi" - FOTO + VİDEO

Bayram günündə, həmdə ən çox təmizliyə ehtiyyac olan bu vaxtda “Yaşma bağları” yaşayış massivinin sakinləri nəinki yuyunmağa, hətta əl yumağa da sularının olmadığını deyirlər. Səbəb isə su borularının yararsız olmasıdır:

“2019-cu ilin oktyabr ayında müvafiq qurumlara şikayət etdik, noyab ayında gəlib baxdılar və sovet dövründən qalma köhnə boruların yarısını kanalizasiya suları üçün nəzərdə tutulmuş yeni borularla əvəzlədilər. Bu borularsa o qədər nazikdir ki, suyun təzyiqi bir balaca yüksək olan kimi partlayır. Bir sözlə, bu məsələ də yarımçıq qaldı”.

Sakinlər deyir, əvvəl heç olmasa bir balaca çürümüş olsa da, köhnə borulardan gələn su ilə yaşayışımızı idarə edə bilirdik, indi o da yoxdur.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişik, məsələ diqqətimizdədir.

Qeyd edək ki, Sumqayıt şəhər “Yaşma bağları” massivində 1988-ci ildən yaşamağa başlayan əhali elə həmin vaxtdan içməli suyu ya satın alır, ya da “Taxtakörpü” kanalından gələn suvarma suyundan istifadə edir. Bu suyun verilməsində isə tez-tez problemlər yaşanır.

Ramilə Qardaşxanqızı
Paytaxtda təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib


Paytaxtda təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər daha da gücləndirilib

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

BakuCity.az xəbər verir ki, paytaxtda bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtın kommunal xidmətlərinin kollektivləri xüsusi gücləndirilmiş iş rejiminə keçərək Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirlərinin həyata keçirilməsini davam etdirirlər.

Kommunal xidmətlər tərəfindən yaşayış ərazilərində görülən işlərlə yanaşı, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən ictimai iaşə və ticarət mərkəzlərində, bazarlarda, mollarda müvafiq işlər aparılır, əlavə qabaqlayıcı və maarifləndirici tədbirlər görülür.

Bununla əlaqədar xüsusi yaradılmış monitorinq qrupları mütəmadi olaraq paytaxt rayonlarında çatışmazlıqları, pozuntuları müəyyən edilməsi məqsədi ilə monitorinqlər aparır və onların aradan qaldırılması ilə bağlı təcili tədbirlər həyata keçirir.
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldıldı
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb

Sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən BakuCity.az-a verilən məlumata görə, həmin tarixlərdə Bakıdan saat 17:00, 18:30 və 19:55-də yola düşən qatarlar, Sumqayıtdan isə Bakıya saat 17:45, 18:45 və 19:30 - da qayıtmalı olan qatarların hərəkəti ləğv olunur.

BakuCity.az
Bakıda Formula-1 təxirə salındı
İyunda keçiriləcəkdi

Formula-1 yarışı üzrə Azərbaycan Qran Parisi təxirə salınıb.

BakuCity.az xəbər verir ki, bu barədə Formula-1-in "Twitter" səhifəsindəki paylaşında qeyd olunub.

Qərar koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Xatırladaq ki, Formula-1 Azərbaycan Qran Prisi iyunda Bakıda keçiriləcəkdir.

BakuCity.az
Bakıda aerobika üzrə dünya çempionatı da təxirə salındı
Yeni tarix məlum deyil

Bakıda mayın 14-16-da keçirilməsi nəzərdə tutulan aerobika üzrə dünya çempionatı təxirə salınıb.

Bu barədə BakuCity.az Beynəlxalq Gimnastika Federasiyasına istinadən məlumat verir.

Bu qərar koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Yarışın nə vaxt keçiriləcəyi hələ bilinmir.

BakuCity.az
Sabahdan ölkə ərazisində xüsusi karantin rejimi elan edilir

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir:

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

Bu müddət ərzində:

1.65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin.
2.Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırısın.
3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılsın.
4.Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin.
5.Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.
6.İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.
7.İnsanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin.
8.İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin;
9.Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın;
10.Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin.
11.Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir.

BakuCity.az

Azərbaycanda daha 7 nəfər koronavirusa yoluxdu
Azərbaycan Respublikasında 7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın məlumat yayıb.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan 61 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir.

Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün hər bir şəxs gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ

Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir.

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.

BakuCity.az
Prezidentdən koronavirusla bağlı tapşırıq: Bir gecədə ölkəyə gətirildi - VİDEO
Bu aparatlar 96 nümunəni eyni anda hazırlaya bilir

Koronovirusun yayıldığı ilk vaxtlardan Azərbaycan höküməti qabaqlayıcı tədbirlərə başlayıb.

BakuCity.az ATV-yə istinadən xəbər verir ki, ilk olaraq sərhəd-keçid məntəqələrində və aeroportlardan ölkəyə daxil olan hər bir vətəndaş yoxlanıldı. Virusun geniş yayıldığı zamanlarda isə sərhədlər bağlandı, gediş-gəlişə qadağa qoyuldu.

Deputat Rəşad Mahmudov bildirib ki, bu gün dünyada bəlli avadanlıqlara əlçatanlıq çox çətindir:

Həmçinin oxu: İlham Əliyev: Azərbaycanda koronavirusun yayılması o qədər də geniş vüsət almayıb

"Bütün dünya ölkələrinin bu avadanlıqlara ehtiyacı var. Bu məqamda cənab Prezidentin şəxsi təşəbbüsü ilə bir gecədə 200 süni tənəffüs aparatının əlavə olaraq ölkəyə gətirilməsi biz səhiyyəçiləri rahatlıq verdi".

Koronavirusun yayıldığı ölkələrdən qayıdan vətəndaşlarımız müayinədən keçirilir, zərurət yarandığı halda 14-28 günlük karantin rejimində saxlanılır. Bu məqsədlə 7 səhiyyə ocağı ayrılıb. İxtisaslaşmış xəstəxana və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilib. Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar. Bundan başqa, xəstəxanalar çox tez bir zamanda ən müasir və qiymətli tibbi avadanlıqlarla təchiz olunub.

1 saylı Kliniki Tibbi Mərkəzin laboratoriyasında da Almaniya istehsalı olan yeni avadanlıqlar quraşdırılıb. Bu aparatlar 96 nümunəni eyni anda hazırlaya bilir və buna cəmi 4 saat sərf olunur.

“Sədərək” bağlandı, sahibkarlar yer pulundan azad olundu
Bazar ərazisi mütəmadi dezinfeksiya olunur

“Sədərək” ticarət mərkəzinin rəhbərliyi koronavirusla bağlı müşavirə keçirilib.

BakuCity.az-ın məlumatına görə, mərkəzin İdarə heyəti sədrinin müşaviri Mikayıl Qədimov Oxu.az-a bildirib ki, mövcud vəziyyətlə əlaqədar olaraq vətəndaşlara kömək məqsədilə ticarət mərkəzində işləyən bütün sahibkarların yer pulundan azad olunması barədə qərar qəbul edilib:

“İdarə heyətinin sədri Yusif Qədimovun tapşırığı ilə martın 15-dən başlayaraq bütün sahibkarlar yer pulundan azad edilib. İdarə heyətinin qərarına əsasən, “Sədərək” ticarət mərkəzində işləyən sahibkarlar istənilən vaxt mağazalarını bağlaya və məzuniyyət götürə bilərlər.

Ölkədə koronavirus təhlükəsi davam etdiyi müddətcə heç bir sahibkardan yer pulu alınmayacaq. Bazar fəaliyyətini davam etdirsə də, bu, dəyişməyəcək. Bundan başqa, “Sədərək” ticarət mərkəzi də mövcud vəziyyətlə mübarizə üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 100 min manat yardım köçürüb”.

M.Qədimov onu da əlavə edib ki, mərkəz ərazisində də koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlər görülür, bazar ərazisi mütəmadi olaraq dezinfeksiya olunur.

Qeyd edək ki, bu gündən paytaxtda fəaliyyət göstərən iri ticarət mərkəzləri, “Mall”lar fəaliyyətini bir ay müddətinə dayandırıb.

BakuCity.az
Bakı sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək
Bakı, Sumqayıt, Abşeron əraziləri üzrə sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək

"Hələ ki, bu gün ərzində Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində sərnişindaşımaya məhdudiyyət olmadığından onları əlaqələndirən marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək və sərnişin axınına uyğun avtobusların sayı tənzimlənəcək".

BakuCity.az xəbər verir ki, bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova yayıb.

Onun sözlərinə görə, növbəti günlər üçün məhdudiyyətin olub olmayacağı barədə məlumat təqdim olunacaq.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmaması məqsədilə respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı və Sumqayıt şəhərlərinə, eləcə də Abşeron rayonuna buraxılması bu gündən dayandırıb. Qərara əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələri və onların sərnişinləri martın 29-na qədər Abşeron yarımadasına buraxılmayacaq.

BakuCity.az

Beş və altıgünlük çalışanlar üçün qeyri-iş günləri müəyyən edildi
Beş və altıgünlük çalışanlar üçün qeyri-iş günləri müəyyən edilib

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib.

BakuCity.az xəbər verir ki, "Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.

Müəyyən edilib ki, bu Qərarın 1-ci hissəsi dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir.

BakuCity.az
Kommunal xərclər sıfırlansın, kreditlər dondurulsun - Deputatdan TƏKLİF
Sərfiyyat iki dəfə çox olacaq

“Hazırkı dövrdə vəziyyət nəzərə alınaraq, kommunal xərclərin sıfırlanmasına ehtiyac var”.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, hazırkı dövrdə sərfiyyat əvvəlkindən iki dəfə çox olacaq:

"Eyni zamanda, kreditlərin dondurulmasına ehtiyac var".

BakuCity.az
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı


“Biz həm ermənilərə, həm də COVİD-19-a qarşı mübarizə aparırıq”

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-dək uzadılıb.

BakuCity.az məlumat verir ki, “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif olunub.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib:

“Biz bu virusu hərbi hissələrə daşıya bilmərik. Əgər bu virus hərbi hissələrə keçsə, qarşısını ala bilmərik. Biz iki virusa qarşı mübarizə aparırıq: həm ermənilərə, həm də COVİD-19-a qarşı”.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

BakuCity.az
Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlandı
Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir.

Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.

BakuCity.az
Koronavirus kəskin azalacaq - Nobel mükafatçısından ŞAD XƏBƏR
“Qorxu və qüssə insanı öz ağuşuna alarsa, xəstəliyə qalib gəlmək olmayacaq”

Hippokrat

Hollivudda çəkilən filmlərin ssenariləri müasir həyatımızda baş verən bir çox hadisələri illər öncə qabaqlayır. 230 minədək adamın həyatına son qoyan 2004-cü il sunamisindən çox-çox əvvəl süjetinin əsasını təbii fəlakətlər təşkil edən Hollivud filmləri nümayiş etdirilirdi.

2019-cu ilin sonundan dünyanı bürüyən koronavirus pandemiyasından da əvvəl müxtəlif infeksiyaların yayılması, bütöv icmaları, ölkələri əhatə etməsi, yaranmış şəraitdə insanlar arası münasibətlər haqqında müxtəlif Hollivud filmlərinə tamaşa etmişik. Bunlardan ən nümunəvisi və bəlkə də bu günümüzə bənzəri “Outbreak” (outbreak sözü epidemiyanın müəyyən məkanda qısa zaman kəsiyində sürətlə yayılması anlamına gəlir) adlanan və 2005-ci il istehsalı olan filmdir. Dastin Hoffman, Rene Russo və Morqan Frimanın yer aldığı filmdə epidemiya ocağı Afrikada yaranan xəstəliyin daha sonra Kaliforniyaya yayılması, həkimlərin peyvənd tapmaqda çətinlik çəkməsi, əhali ilə ordunun xəstəliyin yayılmasına qarşı birgə mübarizəsi təsvir olunur. Buna bənzər filmlərin hamısında insan iradəsi və yaşamaq istəyi epidemiyaya və ya təbii fəlakətə üstün gəlir.

Yaşadığımız dövr filmdə təsvir olunan hadisələrlə çox oxşardır. İnsanları düşündürən əsas mövzu COVİD-19 virusu haqqında verilən xəbərlərdir. Hadisələr isə elə sürətlə cərəyan edir ki, eşitdiyimiz hər hansı bir xəbər cəmi bir neçə saatdan sonra əhəmiyyətini itirə bilir. Cəmi bir neçə gün əvvəl epidemiyanın Çində tüğyan etmə sürəti bu ölkənin dərin və çıxılmaz bir uçuruma sürükləndiyini göstərirdi. Çində tətbiq olunan kəskin qərarları insan haqqlarının pozulması, qeyri-humanist və avtoritar hesab edənlərin sayı da az deyildi. Lakin hadisələr Çinin doğru yolda olduğunu göstərdi. İndi Çinin epidemiyaya qarşı tətbiq etdiyi qaydalar ictimai-siyasi quruluşundan, mədəni-əxlaqi dəyərlərindən, dini-mənəvi baxışından asılı olmayaraq digər ölkələr tərəfindən də əsas götürülür. Təcrübə göstərir ki, yeni nə isə icad etməyə ehtiyac yoxdur. Uğurla tətbiq olunmuş Çin təcrübəsinə əsaslanmaq kifayətdir.

Doğrudur, epidemiyanın Çinə yenidən qayıtmaq ehtimalının olub-olmaması hələ məlum deyil. Amma, müvafiq peyvəndin tapılmadığı bir şəraitdə Çin təcrübəsi sınanmış ən etibarlı təcrübədir. Qeyd etmək lazımdır ki, tətbiq olunan sərt qaydalar, kəskin qadağalar, mübaliğəsiz məhdudiyyətlər möhkəm iradə ortaya qoyulmasa əhəmiyyətsiz olar. Çində qadağaların tətbiq olunması ilə onlara əməl olunması arasında əsl vəhdət, istək və iradə hiss olunurdu.

Fevralın əvvəlində Çin mədəniyyətinin tətdiqatçısı Soşan Broş çinli dostlarının xahişi ilə ərindən Çindəki vəziyyətlə bağlı fikir bildirməyi xahiş etdi. Xanım Broşun əri Stənford Universitetinin Tibb Fakültəsinin biofizika üzrə professoru və Nobel mükafatı laureatı Maykl Levitt Çində virusun yayılma sürətinin kəskin azalacağını bildirdi (https://www.theweek.in/news/world/2020/03/24/covid-19-pandemic-will-end-soon-says-nobel-laureate-who-predicted-chinas-trajectory.amp.html). Levitt infeksionist olmadığını, lakin hesablamalar və statistikadan kifayət qədər xəbərdar olduğunu dedi. Levittin fevralın 1-nə olan hesablamalarında göstərdi ki, Çinin Hubei vilayətində virus hər gün 30% artırsa bu cəmi 90 günə bütün dünyanın yoluxması deməkdir. İlkin mərhələdə hər infeksiya daşıyıcısı ortalama daha 2.2 adamı yoluxdururdu. Artıq fevralın 7-də həm xəstələrin, həm yoluxanların həm də ölənlərin sayı əvvəlki kimi artmadı. Fevralın 11-də Levitt World Today proqramına intervyu verərək tezliklə epidemiyanın səngiyəcəyini dedi. Həm İsrail, həm Britaniya, həm də Amerika vətəndaşı olan Levitt tezliklə çinlilərin sevimlisinə çevrildi. Levitt Çində CNN-dən daha çox izlənir.

Levittin hesablamalarına görə Hubey vilayətində insanların yalnız 3%-i yoluxmuşdur. Hətta “Diamond Princess” gəmisində belə sərnişinlərin hamısı və ya əksəriyyəti yox, ancaq 20%-i xəstəliyə yoluxdu, bu isə insanlarda bu virusa qarşı təbii immunitetin olduğunu göstərir.

Lakin Levitt hesablamalarından daha çox nikbinliyə və intizama istinad edir. O, əminliklə deyir ki, ruh düşkünlüyü və qaydalara əməl olunmaması xəstəliyin yayılma sürətinin qarşısını ala bilməz və ona görə də Çinin tətbiq etdiyi metodu əsas götürməyi tövsiyyə edir. Levittə görə İtaliyada yaşlı əhalinin Çinlə müqayisədə daha çox olması, habelə istiqanlı italyanların davranışında məsafənin gözlənilməməsi epidemiya ocağının kəskin artmasına gətirib çıxarmışdır.

Professor Levitt tezliklə koronavirusun bir pandemiya kimi Çində sıfıra bərabər olacağını deyir. Dünya üzrə proqnoz verməyə risk etməsə də Levitt ona əsaslanır ki, Çin təcrübəsi insanlarda bu virusa qalib gəlmək inamını artırmış və qaydalara əməl etməkdə daha intizamlı olmağı dünyaya öyrətmişdir, ona görə də virus gözləniləndən daha tez məğlub ediləcək. Artıq yalnız Çində deyil, digər ölkələrdə də Levittin irəlicədən görməsini həyəcanla izləyirlər. Və hamı inanmaq istəyir. Hətta Levittin fevral ayında Çindəki vəziyyət haqqında dediklərinə skeptik yanaşanlar belə.

Yazını Hippokratın sözləri ilə başladığım kimi onun sözləri ilə də bitirmək istərdim: “Xəstəni müalicə edən həkim, sağaldan isə təbiətdir.

Yəqin ki, dahi Hippokrat həm ana təbiəti, həm də insan təbiətini nəzərdə tuturdu.

Qalır yalnız nikbin olmaq və qaydalara əməl etmək.

Tahir Kərimov,
Diplomat, Harvard Universitetinin məzunu,
Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi

BakuCity.az
Azərbaycanda daha 17 yeni koronavirusa yoluxma qeydə alınıb, 1 nəfər ölüb
Azərbaycan Respublikasında 10-dan çox insanda yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.

1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilmişdir. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışdır.

Xəstənin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmişdir. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Qeyd edək ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən artıq test aparılmışdır.

Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.

Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunmuşdur.

Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi, bu məqsədlə xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkətinin tam dayandırılması, bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, Bakı metrosunun iş vaxtının, bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılması qərara alınmışdır.

BakuCity.az
Karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edildi
Karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 31.03.2020-ci il saat 08:00-dan 01.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülən işlər barədə məlumat yayıb.

BDYPİ-dən BakuCity.az-a verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 34-ü rayon, 204-ü paytaxt istiqamətinə olmaqla 238 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

- Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 21-iü rayon, 29-u paytaxt istiqamətinə olmaqla 50 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

- Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 39-u rayon, 55-i paytaxt istiqamətinə olmaqla 94 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Gün ərzində 382 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.

19.03.2020-ci il tarixdən 01.04.2020-ci il 08:00-dək 8579 nəqliyyat vasitəsinin rayon, 24.03.2020-ci il tarixdən 01.04.2020-ci il 08:00-dək isə 6039 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

Ümumilikdə bu günədək 14618 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

BakuCity.az
AMEA koronavirusa görə bağlandı
Əməkhaqqı saxlanılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb.

BakuCity.az-ın məlumatına görə, AMEA Rəyasət Heyətinin üzvlərinə, Rəyasət Heyəti aparatının işçilərinə, eləcə də Akademiyanın elmi müəssisələri və digər təşkilatlarının işçilərinə martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyət verilib.

AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.

Xatırladaq ki, Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın 20 mart 2020-ci il tarixində keçirdiyi müşavirədə bəzi dövlət qurumlarının, o cümlədən AMEA əməkdaşlarının 2020-ci il martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilməsi haqqında qərar qəbul olunub.

BakuCity.az
Səhiyyə Nazirliyi vətəndaşları tibbi əlcəkləri yerə atmamağa çağırdı
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əlcəklərin istifadəsi ilə bağlı məlumat yayıb.

BakuCity.az xəbər verir ki, məlumatda son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsinin gündəmdən düşmədiyi qeyd olunub.

Bildirilib ki, bəzi vətəndaşların tibbi əlcəklərdən düzgün istifadə etməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılan “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub: "Bunu nəzərə alaraq əhali üçün aktual olan tibbi əlcəklərin istifadəsilə əlaqədar maarifləndirici məlumatları vətəndaşların nəzərinə çatdırırıq və bu səpkidə olan məlumatlar mütamadi olaraq Mərkəzin rəsmi internet səhifəsində yerləşdiriləcək".

"Həmçinin nəzərinizə çatdırırıq ki, Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilən məlumatlar əsasən əhalinın maarifləndirilməsinə xidmət edən məlumatlardır. Həmin məlumatlarda göstərilən tibbi vasitələrlə əczaçılıq müəssisələrinin təchizatının həyata keçirilməsi Mərkəzin səlahiyyətlərinə aid deyildir. Mərkəzin əsas vəzifələrindən biri keyfiyyətə nəzarət etməklə əhalinin sağlamlığının qorunmasıdır", - məlumatda vurğulanıb.

BakuCity.az

Karantin dövründə polis vətəndaşları elektron cihazlarla izləyəcək
Aptekə, marketə gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir

"Vətəndaş hər dəfə polis naryadını görəndə deyə bilər ki, o, məişət tullantısını atmağa çıxıb. Buna görə də vətəndaşların evdən çıxmağı ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər öz həllini tapıb".

BakuCity.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-yə müsahibəsində deyib.

O bildirib ki, hər bir vətəndaşın hərəkətləri polis naryadlarında olan elektron cihazlar vasitəsilə izləniləcək. Yəni vətəndaş evdən çıxarkən müəyyən nömrəyə zəng etməklə və ya SMS göndərməklə evdən çıxmasının səbəbini izah edəcək. Həmin məlumatı qəbul edən qurum bunu bütün polis orqanlarında olan planşetlərə ötürəcək. Vətəndaş artıq küçədə saxlanılarkən polis əməkdaşları həmin planşetə baxaraq vətəndaşın evdən çıxmasına icazə verilib-verilməməsinə baxacaqlar:

“Aptekə də, marketə də gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir. Artıq bu işlər tamamlanıb. Yaxın zamanlarda ictimaiyyətə bu barədə tam açıqlama veriləcək.

İnsanların yaşadıqları evi nə qədər məsafədə tərk etmələri məsələsi ilkin olaraq işlənilib. 200 metr məsafə nəzərdə tutulub. Ancaq bu, son fikir deyil, tam qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlama veriləcək".

BakuCity.az
Sabahdan yalnız bu hallarda evdən çıxmaq olar - SİYAHI
Bir sıra istiqamətlər üzrə fəaliyyət 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir:

•Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);

•İstirahət və əyləncə məkanları üzrə xidmətlər;

•Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;

•Bərbərxanalar, gözəllik salonları, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);

•Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;

•Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

•Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

•Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);

•İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

•Fərdi mənzillərdə təmizlik xidmətləri;

•Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).

Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:

1.Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar.

2.Səhiyyə və sosial sahə üzrə:
•Elmi-tədqiqat və laborator xidmətləri
•Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər
•Baytarlıq xidmətləri
•Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı
•Sosial xidmətlər
•Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti

3.İnfrastruktur sahəsi üzrə:
•Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması)
•Elektrik enerjisinin istehsalı və təchizatı
•Su təchizatı və meliorasiya
•Telekommunikasiya və rabitə xidmətləri

4.Nəqliyyat və logistika sahəsi üzrə:
•Hava, dəniz, dəmiryolu və avtomobil nəqliyyatı ilə yük daşımaları
•Dəmiryolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri
•Logistika xidmətləri
•İctimai nəqliyyat və taksi xidmətləri

5.Əsas istehsalat növləri:
•Müdafiə sənayesi məhsullarının istehsalı
•Neft avadanlıqları və qurğularının istehsalı
•Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı
•Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı
•Kimyəvi məhsulların istehsalı
•Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti
•Əkinçilik və məhsul yığımı
•Neft və qazın hasilatı, emalı, saxlanması və satışı
•Neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi
•Metallurgiya sənayesi üzrə fəaliyyət
•Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri
•Mühəndislik və layihələndirmə xidmətləri
•Mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri
•Qablaşdırma məhsullarının istehsalı
•Daş, metal və taxta məhsullarının istehsalı
•Mebel istehsalı və təmiri
•Diri heyvanların kəsimi

6.Pərakəndə və topdan satış üzrə:
•Ərzaq məhsullarının satış məntəqələri
•Apteklər
•Yanacaqdoldurma məntəqələri
•Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri
•Tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri

7.Məişət xidmətləri üzrə
•Məişət tullantılarının yığılması və utilizasiyası
•Poçt xidmətləri
•Kimyəvi təmizləmə
•Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi
•Avtomobillərin təmiri
•Avtomobil yuyulma məntəqələri
•Tərcümə xidmətləri
•Heyvan sığınacaqları
•Dizayn xidmətləri

8.Kütləvi informasiya vasitələri

9.Maliyyə təşkilatları üzrə
•Banklar və valyuta mübadiləsi məntəqələri
•Sığorta təşkilatları
•Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar

10.Xüsusi xidmət növləri üzrə
•Çatdırılma xidmətləri
•Məişət avadanlıqlarının təmiri
•Dezinfeksiya xidmətləri

Karantin dövründə hər bir şəxs və təşkilat tərəfindən elektron ticarətdən istifadəyə üstünlük verilməlidir.

Xüsusi rejim dövründə fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı və iş rejimi əlavə olaraq müəyyən ediləcəkdir.

COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli qaynar xəttə zəng etmək ciddi tövsiyə edilir.

BakuCity.az
Xüsusi karantin rejimini pozanlarla bağlı DİN-dən növbəti açıqlama
Xüsusi karantin rejimini pozanlarla bağlı DİN açıqlama verib

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir.

Nazirlikdən BakuCity.az-a bildirilib ki, xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən vətəndaşlarla profilaktik söhbətlər aparılır. Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə edilirlər.

Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə virusun ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.

BakuCity.az

ŞAD XƏBƏR: Elektrik enerjisi ilə bağlı gözlənilən QƏRAR VERİLDİ
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır.
BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramında öz əksini tapıb.

Beləliklə, elektrik enerjisindən güzəştli istifadə limiti 300 kVt/saatdan 400 kVt/saata çatdırılır.

BakuCity.az

Azərbaycanda koronavirus xəstələrinin adı niyə açıqlanmır?
7 nəfər vəfat edib

Azərbaycanda koronavirusa yoluxan insanların adını çəkmək tibbi etikaya sığmır.

BakuCity.az-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, adların açıqlanması həmin insanların şəxsi hüquqlarının pozulması deməkdir:

“Hətta koronavirusdan sağalan insanlarla bağlı onların razılığını alaraq məlumat veririk”.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 545 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

BakuCity.az
SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlandı
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb

Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən BakuCity.az-a verilən xəbərə görə, videotəlimatda vətəndaşların SMS icazə sistemindən necə istifadə etmələri barədə məlumatlar qeyd edilib.

BakuCity.az

Bu gün koronavirus dünyanın 60-dan çox ölkəsində yayılıb. CoVİD-19 adı verilən virus kəskin ağciyər xəstəliklərinə səbəb olur. Dünya üzrə təxminən 90 min nəfər bu virusa yoluxub, onların yarısı sağalıb.