Uşaqlar üçün hər şey

Bakıda bir şagirdi məktəbə yola salmaq neçəyə başa gələcək? - QİYMƏTLƏR
Paytaxtda mövcud olan qiymətlər heç də ürəkaçan deyil

Yeni tədris ilinin başlanmasına qalan vaxt azaldıqca övladı məktəbli olan valideynlərin qayğıları da artır. Onları düşündürən əsas məsələ - bu il məktəbli formalarının və zəruri dəftərxana ləvazimatlarının qiyməti neçəyə olacaq?

Bakucity.az bu materialda paytaxt sakinlərini düşündürən bu suala aydınlıq gətirib.

“Məktəbli üçün minimal dəst təxminən 70 manatdır”

Bir məktəblinin zəruri ehtiyaclarını qarşılamaq üçün təqribən nə qədər vəsait lazımdır?

Təhsil eksperti Kamran Əsədova sözlərinə görə, 3 ildir ölkədə məktəblilər üçün təşkil olunan yarmarka və digər yerlərdə satılan məktəb ləvazimatları arasında aparılan araşdırma onu göstərir ki, keçmiş sovet ölkələri arasında ən bahalı dəftərxana malları Azərbaycandadır:

“Ölkəmizdə bir məktəbli üçün minimal dəftərxana ləvazimatları dəsti təxminən 70 manata başa gəlir. Amma oxşar dəsti Moldovada 35 manata, Qırğızıstanda 32 manata, Qazaxıstanda 27 manata, Rusiyadaisə 19 manata almaq olar.

Kamran Əliyev: “MDB ölkələrinin əksəriyyətində vahid məktəbli geyimi tətbiq edilir”

Ekspert əlavə edib ki, Azərbaycanda məktəbli geyiminə 2012-ci ildən keçilib və ölkədə bu geyimi almaq üçün 80 manata dədər ödəniş olunmalıdır. Dərsliklər isə bu il də pulsuz paylanacaq. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən bütün şagirdlər pulsuz olaraq dərsliklə təmin olunurlar.

Ümumi xərcə gəlincə, ekspert deyib ki, Azərbaycan valideyni orta məktəbə övladını yola salmaq üçün, azı 80 manata məktəbli forması, 40 manata çanta, 40 manata ayaqqabı almalıdır. Bunlardan əlavə dəftər, qələm və digər vacib olan ləvazimatlar almalıdır ki, bu da hər bir valideynin tədris ilinin əvvəlində minimum 200 manat xərc çəkməsi ilə nəticələnəcək. Bu xərclərin azaldılması üçün vahid yarmarkalar yaradılmalı və qiymətlərə ciddi şəkildə nəzarət olunmalıdır.

“Bakı Tikiş Evi”ndə qiymətlər necədir?

Paytaxt sakinlərinin məktəbli forması almaq üçün üz tutduqları əsas məkan - “Bakı Tikiş Evi”ndə (BTE) məktəbli formalarının bu ilki qiyməti ilə maraqlandıq.

Tikiş evinin satış şöbəsindən saytımıza verilən məlumata görə, burada məktəbli geyimləri dəst halda və tək-tək satılır. Qiymətlərə gəlincə, ötən son 2 illə müqaisədə bu il məktəbli formalarının qiymətində heç bir artım yoxdur. Belə ki, tikiş evində 1/6-cı sinif şagirdləri üçün formalar 40 AZN, 7/11-ci siniflər üçün isə 46 manatdır. Bundan başqa, tikiş evinin bütün satış mərkəzlərində alınan məhsullara bir il zəmanət verilir. Alıcılar isə əsas üstünlüyü məhsulların dəst yox, tək-tək alınmasına verir.
Mütəxəssislər alıcılara saxta geyimlər və məhsulları almamağı təklif edir. Qiymətləri 3-5 manat ucuz olan məhsullar keyfiyyətsizliyinə görə seçilir ki, bu da şagirdlərin sağlamlığına zərər vura bilər.

Ramilə Qardaşxanqızı

Bakucity.az
Bakının uşaq bağçalarında xidmət və qiymətlər - ARAŞDIRMA
Mütəxəssislər valideynlərə xəbərdarlıq edir

Məktəbəqədər təhsilin bir parçası olan uşaq bağçası körpələrin mənəvi dünyalarının, ünsiyyət bacarıqlarının formalaşmasında böyük rol oynayır. Uşaq bağçası həm də işləyən valideynlər üçün uyğun həll yoludur. Amma hər uşaq bağçası da ideal deyil. Buna görə də seçim etmək çətindir. Bakıda dövlət bağçalarının az olması və keyfiyyət çatışmazlığı valideynləri özəl bağçalar arasında seçim etməyə vadar edir. Bəs özəl bağçalardakı qiymətlər büdcəyə uyğundurmu?

Bakucity.az saytı materialı hazırlayarkən, özəl bağçalara fokuslanıb.
Siyahıda yer alan bağçalardakı xidmətlərə gündə 4-5 dəfə qidalanma (3 dəfə isti yemək, şirniyyatla çay süfrəsi və meyvə), “onlayn” video müşahidə, servis xidmətləri, psixoloq, xarici dildə tədris, fərdi inkişaf proqramları və s. daxildir.

“Məktəbəqədər yaş dövrü insan həyatının ən məsuliyyətli, ən mühüm yaş dövrüdür”

“Uşaq öz potensialını görməyi, öz gücünə inanmağı, fəaliyyətində uğur qazanmağı öyrənməlidir. Uşaq bağçası uşaqları sosiallaşdırmaqla bərabər, onların məktəbəqədər müəssisədən məktəbə keçidini əhəmiyyətli dərəcədə yüngülləşdirir, məktəb təliminə maraq yaradır və inkişaf etdirir”, - təhsil eksperti Kamran Əsədov Bakucity.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, respublikamızda məktəbəqədər təhsil sahəsindəki müəyyən problemləri Finlandiya, İsveç kimi ölkələrin təcrübəsini öyrənməklə, milli xüsusiyyətlərimizi əsas götürməklə dəyişmək olar.

Bunu da oxu: Bakının fitnes klublarında xidmət və qiymətlər - ARAŞDIRMA
“Məktəbəqədər yaş dövrü təkcə məktəb həyatına hazırlıq mərhələsi deyil, eyni zamanda insan həyatının ən məsuliyyətli, ən mühüm yaş dövrüdür ki, bu dövrdə insanda bütün mənəvi dəyərlərin təməli qoyulur”, - deyə ekspert fikrini tamamlayıb.

“Övladını uşaq bağçasına göndərməzdən əvvəl hər bir valideyn bu nüansa diqqət yetirməlidir”

“Normal doğulan və normal psixologiyası olan uşaqların 2-5 yaş aralığında bağçaya getmələri məqsədyönlüdür. Bağça – uşaq həyatında ilk sosiallaşma mərkəzi olaraq qəbul edilir”, - bu fikirləri isə saytımıza açıqlamasında psixoloq Ramidə Oqtayqızıdeyib.

Psixoloq bildirir ki, uşaq bağçası uşağın sosiallaşmasında, məktəbə ilkin hazırlıq və eyni zamanda şəxsi keyfiyyətlərin formalaşmasında əvəzssiz rol oynayır:

“Uşaq bağçası uşaqlar arasında oyunlar oynamaqla, ünsiyyətdə olmaqla mübarizə, müqayisə, analiz, sintez kimi qabiliyyətlərin, bir sözlə, təfəkkürün inkişafı üçün münbit yerdir. Xüsusilə qeyd etmək lazımdır ki, uşaqların bağçaya getməklə şəxsi keyfiyyətlərindəki dözümlülük, səriştəlilik, diqqətlilik, mübarizlik, özünətənqidi yanaşma kimi xüsusiyyələri inkişaf etdirmələri, onlarla bağçaya getməyənlər arasındakı fərqi artırır, - deyə psixoloq qeyd edib.

Bunu da oxu: Bakıda repetitor xidmətləri neçəyədir? - QİYMƏTLƏR
Ramidə xanım açıqlamasında bir vacib məsələ ilə bağlı valideynlərə xəbərdalıq edib. Onun fikrincə, övladını uşaq bağçasına göndərməzdən əvvəl hər bir valideyn bu nüansa diqqət yetirməlidir.
“Bəzən valideynlər səhv məlumatlanmaqla uşaqlarda nəzərə çarpan qüsurları görməzdən gələrək, onlardakı nitq pozuntusu, psixi ləngimə, psixomotoz zəiflik və s. kimi problemlərin də bağçada həll olunacağını düşünürlər. Belə olduğu halda uşaqlarda adaptasiya çətinliyi yaranır, özünüqiymətləndirmə aşağa düşür və dərketmə inkişaf etmir. Buna görə d valideynlər bu məsələlərə mütləq diqqət etməlidirlər”.

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az
Bakıda özəl uşaq bağçalarında qiymətlər - Psixoloqdan vacib məsləhətlər
Hər bir uşaq tez və asanlıqla bağçaya uyğunlaşa bilmir. Valideynlər və körpələr yeni bir mərhələyə mütləq hazırlaşmalıdırlar.

Bakucity.az bugünkü məqalədə uşağın yeni şəraitə öyrəşməsinə necə kömək etməyi, uyğunlaşma dövrünün nə qədər davam etdiyini, Bakıda yerləşən uşaq bağçalarında hansı dərslərin keçirildiyini və bunun neçəyə başa gəldiyini öyrənib.

Ekspert rəyi

Uşaq psixoloqu Xəyalə Allahverdiyeva saytımıza açıqlamasında qeyd edib ki, uşağı bağçaya yazdırmazdan əvvəl hazırlıq mərhələsindən keçirmək lazımdır və bu məqama diqqətlə yanaşılmalıdır:

“Valideynlər bununla bağlı tez-tez müraciət edirlər. Ümumiyyətlə, uyğunlaşma dövrünə təsir edən bir neçə amil var. Əvvəla, valideynlərin özləri də uşağı tək buraxmağa hazır olmalıdırlar. Adətən, körpə kifayət qədər erkən yaşlarında uşaq bağçasına qoyulduqda onun yeni həyat şəraitinə alışması daha asan olur. Üç yaşdan sonra isə uyğunlaşma dövrü çətinləşir”.

Psixoloqun fikrincə, özünüdərketmə hissi olmayan və ana ilə əlaqəsi zəif olan körpələr yeni həyat tərzini daha asan qəbul edirlər:

“Bir yaş yarımlıq uşaqlarda yalnız qorxu və sevgi hissi formalaşır. Uşaqlar ən çox valideynlərinin geri dönməyəcəyindən qorxurlar. Bəzi valideynlər səhvən körpənin yeni yerə və yad adamlara iki-üç günə öyrəşəcəyinə inanırlar. Əslində isə hər şey bir qədər çətindir. Uşaq iki həftədən iki ay müddətinə qədər vaxtda uşaq bağçasına hazırlaşdırılmalıdır. Belə anlarda hər bir valideyn övladı üçün psixoloq olmalı və hisslərini daima onunla müzakirə etməlidir”.

Körpənin uşaq bağçasında ola biləcək ən müsbət stimullara diqqət yetirməsinə kömək etmək vacibdir. Uşağa bağçada çoxlu uşaqların olduğunu və bunun yeni dostlar qazanmaq, maraqlı oyunlar oynamaq imkanı demək olduğunu tez-tez xatırlatmaq lazımdır.

Bundan əlavə, X.Allahverdiyeva uşağı yeni gündəlik iş rejiminə hazırlamağı da tövsiyə edir:

“Günün müəyyən bir rejiminə hazır olmayan uşaqlar bağçada bəzi çətinliklərlə qarşılaşa bilərlər. Bağçada müəyyən bir vaxtda yatmaq, yemək, müxtəlif dərslərdə oturmaq və s. onu qorxuda bilər. Bütün bunlar isə stresə səbəb olur”.

Mütəxəssis valideynlərə uşağın bağçada gündəlik oynayacağı oyunları uşaqları ilə oynamağı da tövsiyə edir. Belə oyunlar bağçada ananın körpəsi üçün gəlişindən əvvəl oynanılır. Beləliklə, uşaq hər zaman xatırlayır ki, anası onu aparmağa gələcək.

Uşağın xasiyyəti uşağın uyğunlaşma prosesinə də təsir göstərə bilər. X.Allahverdiyevanın qeyd etdiyi kimi, vərdişli insanlar yeni mühitlə tanış olmaq baxımından daha rahatdırlar:

“Ana uşaqla çox vaxt keçirir. Buna görə də vaxtaşırı körpəni atası, nənəsi və digər qohumları ilə tək qoymaq faydalıdır. İlkin mərhələdə 15 dəqiqə kifayətdir, sonra 30 və s. Beləliklə, uşağın anası ilə keçirməyəcəyi vaxtı tədricən artırmaq olar. Bu yolla uşaq anasının hər dəfə ayrıldıqdan sonra qayıdacağına inanır. Bundan başqa, ana körpəni uşaq bağçasına gətirəndə oradan mümkün qədər tez ayrılmalıdır. Qeyri-müəyyənlik nümayiş etdirmək olmaz. Bu hisslər uşağa ötürülə bilər və o, bundan sonra bağçada qalmaq istəməz”.

Mütəxəssis uşağın bağçaya mərhələli şəkildə aparılmasını da məsləhət görüb:

“Başlanğıcda uşağı yalnız bir saat bağçada qoymaq kifayət edir. Körpə yeni gündəlik iş rejiminə tam öyrəşdikdən sonra onu bütün günü bağçada qoya bilərsiniz. Bəzi uşaqlar yalnız ilk iki günü həvəslə uşaq bağçasına gedirlər. Bu sanqvinik və xoleriklər üçün xarakterikdir. Üçüncü gün isə şıltaqlıqlar başlayır.

Ümumiyyətlə, uşaqlar yeniliyi sevir. Başlanğıcda uşaq çox sayda yeni insan, əşyalar və s. görüb bu mühiti xoşlayır. Tez müddətdə isə bunların hamısı onun üçün adiləşir. Hazırlıq prosesi bütün bunların olmaması üçün çox vacibdir”.

Uşaq bağçaları nə təklif edir?

İlkin prosesdə uşağın bağçaya uyğunlaşma dövrünün iki həftədən iki aya qədər davam edə biləcəyini öyrəndik.

Bu gün isə paytaxtdakı uşaq bağçaları uşaqlara xarici dillər, məntiq, gimnastika, üzgüçülük, rəqs və s. kimi geniş təlim-tədris də təklif edir. Bağçalarda müxtəlif tədbirlər, gəzintilər və ekskursiyalar da təşkil olunur.

Bakıda bəzi özəl uşaq bağçaları üç təhsil sahəsi təklif edir: Azərbaycan, rus və ingilis. Bu, bəzilərində qiymətə də təsir göstərir. Digərləri üçün isə hamısı eyni qiymətə başa gəlir.
Züleyxa İsmayılova

Bakucity.az
Bakının özəl məktəblərində təhsil neçəyə başa gəlir? – QİYMƏTLƏR
Uşağı özəl məktəbə yazdırmağa dəyərmi?

Azərbaycanda özəl məktəblər əsasən xarici dil, humanitar, dəqiq elmlər və texnologiya sahəsi üzrə təhsil verirlər. Özəl məktəblərin əsas üstünlüyü daha keyfiyyətli təhsil vermələri, şagirdləri universitetə gedən yolda vacib biliklərlə təmin edə bilmələridir. Elə valideyn tapılmaz ki, övladının yüksək keyfiyyətli təhsil verən özəl məktəbdə təhsil almasını istəməsin. Amma bu qəbildən olan məktəblərdə qiymətlər də bir qayda olaraq yüksək olur.

Bakucity.az saytı özəl məktəblərdə təhsilin qiyməti, ödənilən məbləğin özünü doğruldub-doğrultmaması kimi məsələləri araşdırıb. Məqaləni oxucularımıza təqdim edirik.
“Uşağı məktəbə qeydiyyata salmazdan əvvəl, valideynlər son nəticədə nə əldə etmək istədiklərini bilməlidirlər. Əgər ingilisdilli məktəb seçilirsə, təhsilin daha sonra xarici ölkələrin ali məktəblərinin birində davam etməli olduğunu nəzərə almaq lazımdır”, - bu sözləri saytımıza açıqlamasında “British School in Baku” təhsil müəssisəsinin nümayəndəsi deyib. Onun sözlərinə görə, əgər valideynlər hansısa bir ixtisasa üstünlük verirlərsə, xüsusi təmayüllü məktəbi seçmək daha məqbuldur.

Bunu da oxu: Bakıda repetitor xidmətləri neçəyədir? - QİYMƏTLƏR
Məktəb nümayəndəsinin sözlərinə görə, özəl məktəb seçərkən, ilk növbədə onun Azərbaycan Təhsil Nazirliyinin lisenziyasına malik olub-olmadığını bilmək vacibdir. Nazirliyin icazəsi olmadan məktəb leqal fəaliyyət göstərə bilməz.

“Əgər məktəb İngiltərənin və ya başqa bir ölkənin proqramı üzrə təhsil verirsə, mütləq həmin ölkənin bu təhsil ocağının fəaliyyətini tanıması barədə müvafiq sənəd olmalıdır. Məktəb hansısa beynəlxalq təşkilatın üzvü ola, ölkənin Təhsil Nazirliyi və ya müəyyən departamenti tərəfindən tanına bilər”, - məktəbin əməkdaşı qeyd edib və bunu da vurğulayıb ki, özəl məktəblərin üstünlüklərindən biri sinifdə şagirdlərin sayının az olması, fərdi yanaşmanın təmin edilməsidir.

Özəl məktəblərə üstünlük qazandıran ikinci amil onların elitar olmalarıdır. Bu tip məktəblərdə qabaqcıl texnologiyalardan istifadə olunur. Bundan başqa, belə təhsil müəssilərində idman, rəqs, incəsənət, robot-texnikası kimi maraqlı və faydalı dərnəklər fəaliyyət göstərir.

Xarici təlim proqramına malik məktəblərdə adətən çoxmillətli siniflər olur. Beləliklə, uşaqlar kiçik yaşlarından etibarən müxtəlif dillərin daşıyıcıları olan həmyaşıdları ilə ünsiyyətdə olur, müxtəlif ölkələrin nümayəndələrini görür və bir-birlərindən maraqlı şeylər öyrənirlər.

Bakucity.az oxucularına paytaxtımızda fəaliyyət göstərən bəzi özəl məktəblərin fəaliyyəti barədə kiçik xülasəni təqdim edir:

“British School in Baku”təhsil müəssisəsinin əsas üstünlüyü odur ki, o, “ISE”, “Edexcel COBIS” (“COUNCIL of British International Schools”), həmçinin “IGCSE” and “A Level” kimi təşkilatların akkreditə olunmuş üzvüdür. Buranın məzunları imtahanların nəticələrinə görə xarici ali məktəblərə daxil olurlar.

Bunu da oxu: Bakıda iş yerlərində ən çox tələb olunan mütəxəssislər – Top 10

Bu təhsil ocağı Azərbaycanda Böyük Britaniya Təhsil Departamenti tərəfindən tanınan yeganə məktəbdir və departamentin nümayəndələri burada vaxtaşırı yoxlama keçirirlər. Bu təhsil ocağının başında yüksək ixtisaslı xarici mütəxəssislər dayanır. Məktəb həmçinin beynəlxalq nümayəndələrdən ibarət Himayəçilər Şurası tərəfindən idarə olunur.
Özəl məktəblərdə xarici dillər bir qayda olaraq dərindən öyrədilir. “Evrika” liseyində rus, ingilis, fransız və alman dili kimi bir neçə xarici dil tədris olunur. Adətən belə məktəblərdə yerli şagirdlərdən əlavə, xaricilər də təhsil alır. Bu, şagirdlərə yerli dilin daşıyıcıları ilə ünsiyyətdə olmaq və başqa ölkənin mədəniyyətini daha yaxşı əxz etmək imkanı verir.

“European Azerbaijan School” sərfəli qiymətlərlə öz şagirdləri üçün xaricə səfərlər təşkil etməsiylə fərqlənir. Şagirdlərə nəqliyyat xidməti də göstərilir. Bu xidmət eləcə də Xəzər universitetinin nəzdində fəaliyyət göstərən "Dünya məktəbi" və bəzi digər özəl təhsil ocaqlarında da keçərlidir.

Bir mühüm fakt da bundan ibarətdir ki, bu qəbildən olan özəl məktəblər kitab və başqa tədris materiallarını onlara lisenziya verən ölkələrdən alırlar. Bununla bərabər, milli kurikulumun tələblərinə cavab verən yerli tədris proqramı da diqqətdə saxlanılır. Nümunə kimi “European Azerbaijan School” və ya Bakı Atatürk Liseyinin adlarını çəkmək olar.

Atatürk Liseyində uşaqlar I sinifdən IV sinifədək Türkiyə Təhsil Nazirliyinin təhsil proqramı əsasında təhsil alırlar. Məşğələlərdə türk dili və ədəbiyyatı ətraflı öyrədilir. Şagirdlər V sinifdən XI sinifə qədər isə Azərbaycanın milli təhsil sistemi əsasında təhsil alırlar.

"Dünya məktəbi"ndə məşğələlər IB ("International Baccalaureate") proqramı üzrə keçirilir. Bu təhsil ocağını bitirənlər "IB Diploma" Proqramı olan yerli məktəblərə, eləcə də xarici universitetlərə daxil ola bilirlər.

Beləliklə, belə nəticə çıxarmaq olar ki, övladını özəl məktəbdə oxudan valideynlər onun gələcəyi barədə böyük ölçüdə arxayın ola bilərlər. Bu işdə əsas məsələ sizin uşağa və cibinizə uyğun təhsil ocağı tapmağınızdır. Belə olarsa, tədris prosesi mütləq fayda və hətta uğur gətirəcək.

Uşaqlar üçün hər şey