Yeni ili harada keçirmək olar?

Yeni ili Bakının hansı restoranında qeyd edək? - Bayram proqramı + QİYMƏTLƏR
Azyaşlılar üçün giriş pulsuzdur

Yeni il gecəsini restoranda qeyd etmək Bakı sakinləri arasında çoxdan dəb halını alıb. Burada hər şey düşünülüb: bayram süfrəsi, yolka ağacı, bəzək əşyaları, bayram ab-havası, musiqi, eləcə də çoxsaylı sürprizlər, şoular və atəşfəşanlıq. Sizə yalnız bəzənib gecəyə qatılmaq qalır.

BakuCity.az paytaxt restoranlarının Yeni il ərəfəsində qonaqlar üçün nə hazırladığını öyrənməyə çalışıb.

“Meat Garden” restoranının baş direktoru Orxan Əlizadə bakılılar üçün hazırladıqları proqramdan danışıb:

“Bayram proqramımız dekabrın 31-i saat 21: 00-da başlayacaq və səhər 4-ə qədər, daha doğrusu, son qonağa qədər davam edəcək. Şou proqramımızı “Bakının Yeni il işığı” adlandırdıq. Bu, həm şansonun, həm də Bakı mövzularında olan populyar musiqi ifaçılarının çıxışı ilə bağlıdır”.

Baş direktorun sözlərinə görə, həmin gecə restoranda Ceyhun Bakinski, Sadıx Mustafayev, Nazlı İbrahimova, Elvin Rəcəbov, eləcə də DJ çıxış edəcək:

“Əlbəttə ki, Şaxta baba da qonaqlarımızı təbrik edəcək. Qonaqlarımız üçün Merri Band-ın ifasında musiqili sürpriz hazırlamışıq”.

O.Əlizadə bu proqramın xüsusi olaraq uşaqlı ailələr üçün hazırlandığını vurğulayıb. Buna görə də qonaqlar özlərini bu ailəvi gecədə xoş əhval-ruhiyyədə hiss edəcəklər.

“Meat Garden”a xüsusi biletlərlə gələ bilərsiniz.

“Artıq biletlərin 60 faizi satılıb. Həmin biletlər həm ayrıca otaq, həm də ümumi zal üçün nəzərdə tutulub. Bir otaq 15-20 nəfər üçün nəzərdə tutulub, biletin qiyməti isə 95 manata başa gəlir. Digər otağımız isə 25 nəfərlikdir, amma ehtiyac olarsa, 40 nəfər üçün yer ayırmaq olar. Bir biletin qiyməti 100 manat təşkil edir. Ümumi salona isə biletlərin qiyməti 150-200 manat təşkil edir. Otaqlardakı şənlik bir DJ, karaoke və əlvan işıqlı lazer şousu ilə təmin olunacaq”, - deyə baş direktor bildirib.
Ənənəvi Yeni il gecəsində menyuda soyuq qəlyanaltılardan və salatlardan əlavə, Azərbaycanın milli mətbəxi də yer alacaq: blinçik, toyuq ləvəngisi, kabablar, həmçinin spirtli və spirtsiz içkilər, çay, meyvə assortisi.

O.Əlizadə həm uşaqlar, həm də böyüklər üçün hədiyyələrin olacağını söyləнiи. Salonda üç metr hündürlüyündə yolka ağacı qurulacaq.

Bundan əlavə, dekabrın 29-da restoranda korporativ tədbirlər keçiriləcək – adambaşı 50 AZN. Qeyd olunan məbləğə ziyafət menyusu, canlı musiqili şou proqram daxildir.

“Bayil Breeze” restoranının sahibi Yuliya Miratayeva da saytımıza özəl olaraq Yeni il şou proqramı barədə məlumat verdi:

“Bayram proqramımız saat dekabrın 31-i saat 21:00-da başlayacaq. Tədbirə tanınmış aparıcı Rafael İsayevi dəvət etmişik. Qonaqlarımızı böyük bir kollektiv halında bir araya gətirəcəyimiz Yeni il gecəsi düşünürük. Musiqinin müşayiəti altında müxtəlif müsabiqələr və oyunlar keçiriləcək. Müsabiqənin sonunda qonaqlarımız hədiyyələr və mükafatlar alacaqlar”.

Restoran sahibinin sözlərinə görə, Avropa və milli mətbəx nümunələrini özündə birləşdirən xüsusi Yeni il menyusu hazırlayıblar:

“Sonda böyük bir bayram tortu veriləcək. Saat 00:00-a az qalmış qonaqlar Prezidentin təbrikini dinləmək və möhtəşəm atəşfəşanlığı izləmək üçün yay zalımıza dəvət olunacaqlar. Burada kiçik furşet masası olacaq. Bundan sonra hər kəs səhərə qədər diskoteka olan salona qayıdacaq. Artıq biletlərimizin 50% -i satılıb. Əgər istək çox olarsa, oturacaqların sayını artıracağıq”.

Biletlərin qiymətinə gəlincə, böyüklər üçün 150 manat, 6-12 yaş arası uşaqlar üçün 100 manat təşkil edir, 6 yaşadək uşaqlar üçün isə giriş pulsuzdur.

Restoranda ailə anlayışı var, buna görə də restoran işçilərinin ailələri də Yeni ili “Bayil Breeze”də qeyd edəcəklər.
Y.Miratayeva tədbirin proqramının rus dilində olacağını vurğulayıb:

“Biz 21 dekabrda uşaqların Yeni il proqramını da planlaşdırmışıq. Təcrübəli və maraqlı animatorlar gələcək, maraqlı oyunlar keçiriləcək, Şaxta baba uşaqlara öz hədiyyələrini təqdim edəcək. Həmçinin xüsusi bir menyu da hazırlanıb və bütün bunlar cəmi 50 manata başa gəlir. Böyüklər üçün 30 dekabr 23:00-dan başlayaraq restoranımızın barında məşhur rus DJ-i Titsy-Tits-in iştirakı ilə ziyafət olacaq. Qeyd etmək istəyirəm ki, yerlərin sayı məhduddur”.

O bildirib ki, həmin gecədə azərbaycanlı DJ ALK da çıxış edəcək. Bar səhər saat 4-dək açıq olacaq, qonaqlar qəlyan, çay və karaoke ilə təmin ediləcək. Qeyd edək ki, DJ ALK 30 noyabrda da çıxış edəcək.

“Ümumiyyətlə, 6 növ banket menyusu var, qonaqlara öz alkoqollu içkilərini korporativ tədbirlərə gətirməyə icazə verilir. Qeyd etmək lazımdır ki, qonaqlarımız üçün fərdi musiqi proqramı da təşkil edə bilərik. Ziyafət menyumuzun minimum qiyməti adambaşına 55 manatdır. Menyuya klassik Azərbaycan mətbəxi də daxildir”, - Y.Miratayeva deyib.

Restoran zalı 60 nəfər üçün nəzərdə tutulub, ehtiyac olduqda yerlərin sayını 10 nəfərə qədər artırmaq olar. 20 nəfərlik ziyafət üçün salonu bağlamaq mümkündür, lakin bu xidməti göstərmək üçün minimum 10-15 nəfər qonaq olmalıdır. Həmçinin restoranın 30 nəfərlik zalını da sifariş etmək mümkündür.

Züleyxa İsmayılova

FOTO: Nicat Alili

BakuCity.az

 Yeni ili harda keçirmək olar?